İctimai sağlamlıq naminə qəti addım
Azərbaycanda elektron siqaretlərin idxalı, satışı və istifadəsi qadağan edilir, mütəxəssislər qərarı gənclərin qorunması baxımından vacib sayır
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, istehsalı, satışı və istifadəsinin qadağan edilməsi ictimai sağlamlığın qorunmasına yönəlmiş mühüm addım kimi dəyərləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda dünyada 100 milyondan artıq insan elektron siqaretdən istifadə edir və bu məhsullar xüsusilə yeniyetmələr arasında nikotin asılılığının yayılmasına ciddi risk yaradır. Təşkilat ölkələri gənclər arasında bu məhsulların istifadəsinə qarşı daha sərt nəzarət və maarifləndirici tədbirlər görməyə çağırır.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, elektron siqaretlərin “az zərərli” kimi təqdim olunması cəmiyyətdə yanlış təsəvvür formalaşdırır. Onun fikrincə, dadlandırıcılar və cəlbedici dizayn bu məhsulların xüsusilə məktəb yaşlı uşaqlar üçün əlçatan olmasına səbəb olur və erkən yaşlarda nikotin asılılığının yaranmasına zəmin yaradır. Deputat vurğulayır ki, qızdırılma zamanı yaranan kimyəvi birləşmələrin insan sağlamlığı üçün təhlükəsi artıq elmi şəkildə sübut olunub və bu risklərə biganə qalmaq olmaz.
Millət vəkili Müşfiq Məmmədli də elektron siqaretlərin ən təhlükəli tərəfinin psixoloji asılılıq yaratması olduğunu bildirir. Onun sözlərinə görə, bu məhsullar siqareti tərgitmək vasitəsi kimi təqdim edilsə də, əksər hallarda istifadəçilərin yenidən klassik tütün məhsullarına qayıtmasına səbəb olur. Deputat qeyd edir ki, tütün məmulatlarına qarşı görülən inzibati və maarifləndirici tədbirlərlə yanaşı, elektron siqaretlərin qadağan edilməsi sağlam nəslin formalaşmasına mühüm töhfə verəcək.
Mütəxəssislər də bu mövqeyi bölüşür. Kardioloq Üzeyir Rəhimov elektron siqaretlərin ürək-damar sistemi üçün ciddi təhlükə yaratdığını bildirir. Onun sözlərinə görə, bu məhsullar ürək döyüntüsünü artırır, damarların daralmasına səbəb olur və infarkt riskini yüksəldir. Həkim xüsusilə gənclər və qadınlar arasında elektron siqaret istifadəsinin artmasının narahatedici tendensiya olduğunu, həməmi zamanda bu vərdişin öyrənmə qabiliyyətinə də mənfi təsir göstərdiyini qeyd edir.
Mütəxəssislərin və deputatların ortaq qənaətinə görə, elektron siqaretlərin qadağan olunması yalnız bugünkü risklərin qarşısını almaq deyil, gələcək nəsillərin sağlamlığını qorumaq baxımından da dövlət məsuliyyətidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.