Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İbtidai təhsildə termin dəyişir” – Nazir köhnəlmiş anlayışa diqqət çəkdi

Nazirlik ibtidai təhsilin gücləndirilməsi üçün yeni yanaşmalar hazırlayır

21

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “ibtidai təhsil” anlayışında işlədilən “ibtidai” sözü artıq köhnəlmiş termin hesab olunur. Bir çox ölkələrdə bu mərhələ “baza təhsili” və ya “əsas təhsil” kimi adlandırılır.

Nazir İTV-nin “Diqqət mərkəzi” proqramında çıxışı zamanı qeyd edib ki, dünyanın əksər ölkələrində baza təhsili 6 il davam etdiyi halda, Azərbaycanda bu müddət cəmi 4 ildir. Onun sözlərinə görə, aparılan araşdırmalar müəyyən inkişafı göstərsə də, yenə də ibtidai təhsil mərhələsinin sonunda uşaqların 40–50 faizi 5–6-cı siniflərin məzmununu tam qavraya bilmir. Bu çatışmazlığın əsas səbəblərindən biri isə ibtidai sinif müəllimlərinin peşəkar hazırlıq səviyyəsidir.

Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırma nəticələri də bunu təsdiqləyib:
bu il ən zəif nəticələr məhz ibtidai sinif müəllimləri arasında qeydə alınıb. Bu isə, nazirin fikrincə, həmin sahədə öz üzərində davamlı çalışan və peşəkar inkişafını prioritet edən müəllimlərin nisbətən az olması ilə əlaqədardır. Halbuki ibtidai təhsil uşağın ən həssas və mürəkkəb inkişaf dövrünü əhatə edir.

Nazir vurğulayıb ki, 6–8 yaş aralığında uşağın öyrənmə davranışı, psixoloji formalaşması və təməl bacarıqları birbaşa ibtidai sinif müəllimindən asılıdır. Bu səbəbdən həmin müəllimlərdən gözlənti əslində ali məktəbdə dərs deyən müəllimlərdən daha yüksəkdir.

O əlavə edib ki, riyaziyyat, fizika, kimya kimi sahələr üzrə ali təhsilli müəllimlər sertifikatlaşdırmada daha yaxşı nəticələr göstərirlər. Bunun səbəbi həmin ixtisaslarda kollec təhsili ilə müəllimlik etmək mümkün olmaması, yəni mütləq ali təhsilin tələb olunmasıdır. Lakin ibtidai təhsil üzrə hazırlıq keçən müəllimlərin bir qismi şagirdlərdə əsas anlayışların formalaşdırılmasında çətinlik yaşayır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.