Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Humanoid robotlar tibbdə: xəstələrə dəstək və reabilitasiyada yeni mərhələ

Pepper və NAO robotları xəstəxanalarda və ev şəraitində müalicə prosesinə cəlb olunur

28

Fransada koklear implant qoyulmuş bir uşaq ev şəraitində eşitmə reabilitasiyası keçir və bu prosesdə ona insanabənzər Pepper robotu kömək edir. Bu təşəbbüs Tuluz Universitet Xəstəxanasında başladılan elmi layihə çərçivəsində həyata keçirilir.

Kanadada isə başqa bir uşaq əməliyyat öncəsi stresini azaltmaq üçün oxşar robotla ünsiyyət qurur. Avstraliyada NAO adlı humanoid robot 2020-ci ildə səkkiz həftə ərzində diabetli yeniyetməyə dəstək göstərib. Robot yeniyetməni həkimlə vacib görüşə hazırlayıb və sağlam qidalanma ilə bağlı maarifləndirib.

Beynəlxalq maliyyə qurumu Morgan Stanley-nin proqnozlarına görə, 2050-ci ilə qədər dünyada süni intellektlə təchiz edilmiş bir milyard humanoid robot istifadə oluna bilər və bu sahənin bazar həcmi 5 trilyon dollara çata bilər.

2025-ci ildə Kanadadakı University of Victoria-nın Qlobal Rəqəmsal Səhiyyə Laboratoriyası mövzu ilə bağlı iki sorğu araşdırması aparıb. Tədqiqat əsasən Pepper və NAO modellərinə yönəlib.

NAO robotu SoftBank Robotics tərəfindən hazırlanıb və ilk versiyası 2008-ci ildə təqdim edilib. 58 santimetr boyunda olan robot yeriyə və 20 dildə danışa bilir. Pepper isə 2014-cü ildə bazara çıxarılıb və empatiya xüsusiyyətləri ilə seçilən ilk robotlardan sayılır. Boyu 121 santimetr olan Pepper nitqi tanıyır, üz ifadələrini analiz edir, hərəkət edir və insan emosiyalarını müəyyənləşdirə bilir.

Tədqiqatın aparıcı müəllifi, səhiyyə informatikası professoru Andre Kuşnirukun sözlərinə görə, Pepper demensiya, neyroinkişaf pozuntuları və xroniki xəstəlikləri olan pasiyentlərin qayğısında effektiv istifadə olunur. O bildirib ki, robotlar tibbi personal çatışmazlığını qismən kompensasiya edə və idrak terapiyasında tətbiq oluna bilər.

Professor Elizabet Boriçki isə qeyd edib ki, NAO xüsusilə uşaqlarla işləyərkən müsbət nəticələr göstərir. Onun sözlərinə görə, empatiya qabiliyyəti robotları səhiyyədə daha təsirli dəstək vasitəsinə çevirir.

Bununla yanaşı, mütəxəssislər etik və sosial məsələlərin hələ də aktuallığını qoruduğunu vurğulayırlar. Robotların qərəzsiz işləməsi, qərar mexanizmlərinin şəffaf olması və verdikləri tövsiyələrin təhlükəsizliyi əsas şərtlər kimi göstərilir.

Gələcəkdə humanoid robotların səhiyyədə rolu daha da arta bilər. Məsələn, Tesla şirkətinin hazırladığı və 2027-ci ildə təqdim edilməsi planlaşdırılan Optimus modeli yaşlılara qulluq və digər tibbi tapşırıqların icrasında istifadə oluna bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.