Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hindistanda Nipah virusu: yüksək ölüm riski və yoluxma narahatlığı

Azərbaycanda peyvəndin olmaması və virusun xüsusiyyətləri əhali arasında qorxu yaradıb, infeksionist tövsiyələri açıqlayıb

103

Hindistanın bəzi bölgələrində yayılan Nipah virusu (NiV) və bu xəstəliyə qarşı təsdiqlənmiş peyvəndin olmaması Azərbaycanda əhali arasında müəyyən narahatlıqlar yaradıb.

“Bu virus beynəlxalq səhiyyə təşkilatlarında ciddi narahatlıq doğurur. Nipah yüksək ölüm riski ilə xarakterizə olunur və həm heyvanlardan insana, həm də insanlar arasında ötürülə bilir. Hazırda Hindistanda yüzlərlə insan karantinə alınıb və ciddi təcrid tədbirləri tətbiq olunub”, – deyə infeksionist Aytən Ziyadova “Yeni Sabah”a açıqlamasında bildirib.

O, virusun yoluxma yollarına diqqət çəkərək bildirib ki, Nipah əsasən heyvanlardan insana və birbaşa insan təması vasitəsilə keçə bilir. “Virus, yarasaların tüpürcəyi və sidiyi ilə çirklənmiş meyvə və meyvə şirələri yolu ilə də yayıla bilər. İnsanlar arasında isə bədən mayeləri, xüsusilə tüpürcək və qan vasitəsilə yoluxma baş verir”, – infeksionist izah edib.

Aytən Ziyadova əlavə edib ki, Nipah virusu və COVID-19 arasında bəzi oxşarlıqlar olsa da, yayılma üsulları baxımından fərqlər mövcuddur: “COVID-19 əsasən hava-damcı yolu ilə yayılır, Nipah isə daha çox yaxın təmas və bədən mayeləri ilə keçir. Bu səbəbdən Nipah virusunun yayılma sürəti COVID-19 ilə müqayisədə daha məhduddur, lakin yoluxduğu halda ağır xəstəlik və yüksək ölüm riski var”.

Hindistanın Qərbi Benqal əyalətində baş verən son yoluxmalar virusun yerli səviyyədə yayıldığını göstərir, lakin yüksək ölüm riski səbəbindən daha geniş epidemiyanın baş verməsi ehtimalı nəzərə alınmalıdır. Hazırda virusun yayılmasının qarşısını almaq üçün ciddi təcrid tədbirləri və epidemioloji nəzarət həyata keçirilir.

Infeksionist vurğulayıb ki, güclü səhiyyə xidməti və daimi monitorinq sayəsində belə infeksiyaların daha geniş yayılmasının qarşısı alınmağa çalışılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.