2023-cü ilin aprelin 20-də Mingəçevir Dövlət Universiteti (MDU), Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) və Yevlax Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib. Mərkəzi Aran RTİ-nin evsahibliyi etdiyi konfrans “Heydər Əliyev İli” çərçivəsində baş tutub.
Konfransda Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, MDU-nun rektoru Şahin Bayramov, Yevlax ŞİH başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, MDU-nun nümayəndə heyəti, regionun 7 şəhər və rayonunu təmsil edən təhsil işçiləri iştirak ediblər.
Konfransdan əvvəl, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzi Aran RTİ-nin müdiri E.Kərimov qonaqları salamlayıb və ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafı naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Azərbaycanda təhsilin davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən E.Kərimov dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib.
Heydər Əliyevin Azərbaycanda elmin və təhsilin inkişafına verdiyi töhfələrdən danışan MDU-nun rektoru Ş.Bayramov Ümummilli Liderin bu istiqamətdə həyata keçirdiyi sistemli islahatlardan bəhs edib. Ulu Öndərin Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rolunu vurğulayan Ş.Bayramov dövlətinə və xalqına bağlı olan vətəndaş yetişdirilməsində təhsilin önəmini diqqətə çatdırıb. Ş.Bayramov əbədiyaşar liderin zəngin irsinin davamlı öyrənilməsinin və gənc nəsil arasında təbliğ edilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olmasını bildirib.
Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin tarixi xidmətlərindən danışan Yevlax ŞİH başçısının müavini Elnarə Əzizova ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatlarının bu sahənin inkişafında xüsusi mərhələ təşkil etdiyini qeyd edib, 1969-1982-ci illərin həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlandığını və Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bu inkişaf dinamikasının davam etdiyini bildirib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, təhsil, mədəniyyət, incəsənət və digər sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyevin Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyduğunu və onun siyasi irsinin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən bu gün həmin missiyanın uğurla davam etdirildiyini qeyd edib. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən danışıb.
Daha sonra konfrans məruzələrlə davam edib. MDU-nun dosenti Nizami Zeynalov “Ümummilli liderin ali təhsil siyasəti: universitetlərimiz yeni inkişaf mərhələsində”, Yevlaş şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır”, Mingəçevir şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnurə Çələbiyeva “Heydər Əliyev – uşaqları məhəbbətlə sevən lider” və Ucar şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Rahib Hüseynov “Ulu öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətləri əks etdirən videoçarx nümayiş olunub, həmçinin Ulu öndərin 100-cü ildönümü münasibətilə təşkil olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, MDU-da və regionun təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçirilir.
Şərhlər bağlıdır.