Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Heydər Əliyev adına təqaüd”ə layiq görülən MDU tələbələri ilə görüş keçirilib

22

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən bu ali təhsil müəssisəsinin Təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nərmin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) ilə görüşüb.

Ölkə üzrə “Heydər Əliyev adına təqaüd”ə layiq görülən 100 tələbə sırasında MDU-nun 2 tələbəsinin də yer almasını təqdirəlayiq hal və ciddi nailiyyət kimi dəyərləndirən Ş.Bayramov gəncləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu Öndərimizin adını daşıyan təqaüdə layiq görülmələrindən qürur hisləri keçirdiklərini bildirən tələbələr yaradılan şəraitə və imkanlara görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər. Gələcəyin müəllimləri olaraq təqaüdün onlar qarşısında həm də böyük məsuliyyət yaratdığını vurğulayaraq göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Sonra xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.

Təqaüdə layiq görülən tələbələr 2023-cü ilin dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayında təntənəli təqdimetmə mərasimində müvafiq sertifikatla təltif olunublar.

Şərhlər bağlıdır.