Hemofiliya xəstələrinin müalicəsi icbari tibbi sığorta hesabına maliyyələşdiriləcək
Qanun layihəsinə əsasən, talassemiya xəstələrinin müalicəsi isə dövlət büdcəsi vəsaiti ilə davam edəcək
Hemofiliya irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi bundan sonra icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcək.
Bu barədə dəyişiklik “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, talassemiya xəstələrinin dövlət tibb müəssisələrində müayinə və müalicəsi əvvəlki kimi dövlət büdcəsi hesabına maliyyələşəcək. Hemofiliya xəstələrinin müalicəsi isə artıq icbari tibbi sığorta sistemi vasitəsilə təmin ediləcək.
Qeyd edək ki, dəyişiklik xəstələrin tibbi xidmətə çıxış imkanlarını genişləndirmək və maliyyə yükünü daha səmərəli bölüşdürmək məqsədi daşıyır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.