Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Haaqa şəhərinin baş kilsəsində Xocalı soyqırımı qurbanları yad edildi

“Əbədi əks-sədaların elegiyası” konserti və diplomatik nümayəndələrin iştirakı ilə Xocalı qurbanlarının xatirəsi yad edilib

62

Haaqa şəhərinin əsas dini və mədəni mərkəzi olan “Grote Kerk”də Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş “Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib.

Tədbirdə Niderlandın dövlət qurumlarının, parlament nümayəndələrinin, diplomatik korpusun, eləcə də siyasi, ictimai, mədəni və elmi dairələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb və qeyd edib ki, bu günlərdə Niderlandın müxtəlif şəhərlərində keçirilmiş anım tədbirləri Azərbaycan xalqının acı tarixinin yad edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Diplomat vurğulayıb ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidənin məhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşa hörmətini, Azərbaycan xalqı ilə həmrəyliyini və iki ölkə arasındakı mədəni bağları göstərir. O, həmçinin bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixində sağalmayan yara olaraq qalır və şəhidlərin müqəddəs xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. Məmməd Əhmədzadə əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və milli ordunun şücaəti sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, regionda davamlı sülhün təmin olunması istiqamətində qətiyyətli addımlar atır.

Səfir çıxışında həmçinin italyan və Niderland musiqiçilərindən ibarət “I Briconcello” kamera ansamblının təqdim edəcəyi “Əbədi əks-sədaların elegiyası” konsertinin simvolik əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu proqram vasitəsilə Haaqa şəhərindən Azərbaycan və qlobal sülh mesajı dünyaya çatdırılır.

Daha sonra “I Briconcello” ansamblının direktoru maestro Pierluici Ruccero çıxış edərək bildirib ki, rəhbərlik etdiyi kollektiv 15 ildir Azərbaycanla Avropa arasında mədəni körpü rolunu oynayır və Azərbaycan həqiqətlərini musiqinin dili ilə Avropa ictimaiyyətinə çatdırır. O, həyata keçirdiyi layihələrdən danışaraq, xüsusilə İtaliyada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə səhnələşdirdiyi ədəbi-musiqili tamaşanı və soyqırımın 30-cu ildönümü ilə bağlı təqdim etdiyi “Ağrı” əsərinin motivlərini xatırladıb.

Maestro Ruccero əlavə edib ki, “Əbədi əks-sədaların elegiyası” konsert proqramı 2021-ci ildə Vətən müharibəsi dövründə Azərbaycanın yanında həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlif şəhərlərində səhnəyə qoyulub və Azərbaycan şəhidlərinin xatirəsinə ithaf olunub. O, repertuarın musiqi sərhədlərini aşaraq insanları birləşdirdiyini, hörmət və dialoqu təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural və dini tolerantlıq ənənələrini rəmzi olaraq əks etdirdiyini vurğulayıb.

Tədbirin musiqi proqramında həm dünya şöhrətli bəstəkarların həzin əsərləri, həm də Azərbaycan musiqisinin seçilmiş nümunələri – Fərhad Bədəlbəylinin “Şuşa” əsəri, Kəmalə Əlizadənin aranjmanında “Sarı gəlin” xalq mahnısı, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar və Sevda İbrahimovanın ifaları təqdim olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.