Hərbiyə maşın ustası kimi çağırıldı, amma döyüşçü kimi şəhid oldu
Məhərrəm Şamxalov şəhid qardaşından danışanda göz yaşlarını saxlaya bilmir. Deyir ki, o, Mingəçevirdə, Qaz İstismarı İdarəsində işləyirdi: “1992-ci ildə şəhər hərbi komissarlığından çağırış vərəqəsi gəldi. Onu Ağdama yolladılar. Tahir ilk hərbi xidmətini Çexoslovakiyada başa vurmuşdu. Orada tank, BMP maşınlarının təmiri ilə məşğul olmuşdu. 5-ci dərəcəli usta idi. Ağdamda da təmirçilər rotasında qulluq edirdi. Döyüşlərin qızğın vaxtında bir mayor gəlib bunlara deyib ki, neytral zonada ermənilərə məxsus KRAZ markalı maşının yedəyinin üstündə BMP var, onu həmin ərazidən çıxarıb gətirmək lazımdır. Əsgərlər bu əmri icra etməkdən boyun qaçırıblar. 35 nəfərin içində bu işi öhdəsinə götürən Tahir olub. Həmin döyüşün iştirakçılarından sağ qalanlar var və bunu təsdiq edirlər. Qardaşım sürünə-sürünə neytral zonaya çatıb. KRAZ-a yaxınlaşıb, onu işə salanda qara tüstüdən ermənilər duyuq düşüb və maşını güllə yağışına tutublar. Güllənin biri qardaşımın başına dəysə də o, maşını bizim əraziyə gətirib çıxarıb. Yoldaşları deyir ki, maşından düşəndə iki əli ilə başını tutdu və yerə yıxıldı”.
M.Şamxalovun dediyinə görə, Tahir12 gün Sarıcalı hospitalında ölümlə çarpışıb. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Xidmət etdiyi 708 saylı hərbi hissənin komandanlığından ailəsinə göndərilən məktubda yazılıb ki, Ağdam cəbhəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə Tahir Abdulla oğlu Şamxalov qəhrəmancasına həlak olub.
Tahir dünyasını dəyişəndə 3 körpə uşağı vardı. Böyük oğlu 3 yaşında, kiçiyi isə qundaqda idi: “Ailə çətin durumda idi. Şəhid qardaşımın övladlarını çox əzab-əziyyətlə böyütdük. Amma Tahirin bu boyda şücaəti heç dilə də gətirilmədi. Qardaşımı Milli Qəhrəman adına təqdim etmək üçün məndən külli miqdarda pul istədilər. Dedim ki, o qədər pulum olsaydı, şəhidin yetimlərinə verərdim. Təəssüf ki, bu günə qədər şəhid qardaşımım haqqını özünə və ailəsinə qaytarmaq mümkün olmayıb”.
Məhərrəm Şamxalov öz vəsaiti hesabına qardaşının xatirəsinə “şəhid bulağı” ucaldıb.
Şərhlər bağlıdır.