Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub. APA TV-nin Mingəçevir bürosu xəbər verir ki, şəhərin Vaqif, Nəriman Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində, ilkin hesablamalara görə, əlliyə qədər ağac aşıb. Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb. Nəticədə məktəb və bağça binalarına, tikililərə, avtomobillərə, elektrik xətlərinə, şəhər təsərrüfatına ciddi ziyan dəyib, eləcə də fərdi təsərrüfatlarda yetişən meyvə və tərəvəz bitkiləri yararsız hala düşüb. Aşan ağaclardan biri xəstəxana binasının üstünə, digəri məhkəmə binasının arxa həyətində maşınların üstünə düşüb. Şəhərin bir yerində isə beton dirək ikiyə bölünərək, içində “Hyundai” markalı avtomobil olan qarajın üstünə aşıb. Fəsadların aradan qaldırılması üçün səhər saatlarından etibarən müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Şərhlər bağlıdır.