Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Geosiyasi risklər qızılı bahalaşdırır

Ekspertlər hərbi gərginlik davam edərsə, bir unsiyanın qiymətinin 6 min dollara yaxınlaşa biləcəyini istisna etmirlər

77

Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi gərginlik qlobal maliyyə və əmtəə bazarlarında riskləri artırıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də Tehranın cavab addımları regionda qeyri-müəyyənliyi dərinləşdirib. Bu fonda investorlar riskli alətlərdən uzaqlaşaraq ənənəvi “təhlükəsiz liman” hesab olunan qızıla yönəlirlər.

Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanovun Modern.az-a açıqlamasına istinadən  bildiririk ki, mövcud şəraitdə qızıl yenidən qoruyucu aktiv kimi ön plana çıxır. Onun sözlərinə görə, beynəlxalq bazarlarda bir unsiya qızılın qiyməti hazırda 5 250–5 260 ABŞ dolları intervalında dəyişir, son əməliyyatlarda isə spot qiymət təxminən 5 277 dollar/uns səviyyəsinə yüksəlib. Bu dinamika qiymətlərin əvvəlki rekord hədlərə yaxınlaşdığını göstərir.

Ekspert qeyd edib ki, Azərbaycan bazarında qiymətlər əyar və məmulatın xüsusiyyətlərindən asılı olaraq fərqlənir. Hazırda 999.9 əyar qızıl 310–350 manat, 750 əyar 260–300 manat, 585 əyar isə 200–240 manat aralığında təklif olunur. Son satış qiymətlərinə həmçinin istehsal və emal xərcləri də təsir edir.

Onun proqnozuna görə, regionda hərbi gərginlik davam edərsə, qızılın bahalaşma ehtimalı yüksək olaraq qalacaq. Yaxın perspektivdə bir unsiya üçün qiymətin 5 600–6 000 ABŞ dolları intervalına yüksəlməsi istisna edilmir.

Rövşən Əmircanov vurğulayıb ki, qızılın yenidən əsas qoruyucu alətə çevrilməsinin səbəbi geosiyasi risklərin artması və inflyasiya gözləntilərinin güclənməsidir. Enerji bazarındakı qeyri-müəyyənlik qiymət artımlarını stimullaşdırır və investorların daha sabit aktivlərə marağını artırır.

Bununla yanaşı, qısamüddətli dalğalanmaların mümkün olduğu da qeyd olunur. Mənfəət realizasiyası və ya ABŞ dollarının möhkəmlənməsi müəyyən geriçəkilmələrə səbəb ola bilər. Lakin ümumi tendensiya göstərir ki, geosiyasi gərginlik səngimədikcə qızılın yüksək qiymət zonasında qalması ehtimalı daha real görünür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.