Cəmiyyət

Gənclər mətbuat işçiləri ilə müzakirə apardılar

KİV nümayəndələri gəncləri xəbər hazırlayarkən bir neçə mənbəyə istinad etməyə, hər zaman doğru xəbəri paylaşmağa çağırdılar

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və Mingəçevir şəhər ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə “Mətbuatın bu günü” adlı onlayn görüş keçirilib. Görüşdə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri, müəssisənin əməkdaş və könüllüləri, Mingəçevir Dövlət Universitetinin tələbələri, ASAN Xidmət Mərkəzinin əməkdaş və könüllüləri iştirak edib.

Görüş zamanı açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində hər zaman fərqlənmələrini arzulayıb. Milli mətbuatın yaranması tarixi və keçdiyi inkişaf yolundan danışan Samrin Xanlayev Həsən Bəy Zərdabinin xidmətlərini xüsusilə vurğulayıb, böyük çətinliklə ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin yaratdığı məktəbə və özündən sonrakı mətbuat orqanlarının yaranmasındakı roluna diqqət çəkib.

Daha sonra çıxış edən Mingəçevir Televiziyasının keçmiş müxbiri, Mingəçevir Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev milli mətbuatımızın yaranmasına zəmin yaradan amillərdən, “Əkinçi” qəzetinin yaranması zamanı Həsən Bəy Zərdabinin qarşılaşdığı çətinliklərdən, qəzetin bağlanmasına çalışan qüvvələrin göstərdiyi təzyiqlərdən danışıb. Bu günkü mətbuatımızın vəziyyəti ilə bağlı fikirlərini bölüşən Nazim Niftəliyev mətbuat işçilərini təbrik edib.

“Mingəçevir İşıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev öz təcrübəsini bölüşüb. O. Mingəçevirdə qəzetlərin yaranması və fəaliyyəti ilə bağlı məqamlara toxunub, xüsusən 72 yaşlı “Mingəçevir işıqları” qəzetinin həm sovet dövründə, həm də müstəqillik illərində şəhərin ictimai-siyasi həyatında rolundan danışıb. Mətbuatın bu günkü çətinliklərindən bəhs edən Fərman Nəbiyev hazırda kağız qəzetə tələbatın azaldığını, bu səbəbdən fəaliyyətlərini onlayn şəkildə davam etdirdiklərini diqqətə çatdırıb.

“Mingəçevir İşıqları” qəzetinin redaktor müavini Yeganə Nəbiyeva müasir jurnalistikanın vəziyyətindən danışıb. Hazırkı dövrdə satışı və çoxsaylı oxunmanı təmin etmək məqsədilə bəzi jurnalistlərin dezinformasiyalara yol verdiyini diqqətə çatdırıb və gəncləri bu məlumatlara inanmamağa çağırıb.

“Azərbaycan Bələdiyyəsi” qəzetinin bölgə müxbiri İxtiyar Həsənli Mingəçevirdə jurnalistlərin  qarşısında duran başlıca maneələrə diqqəti çəkib, bu problemlərin həlli ilə bağlı fikirlərini bölüşüb.

Görüş gənclərin sual və müzakirələriylə davam edib. KİV nümayəndələri jurnalist olmaq istəyən və bu sahəyə yeni başlayan gənclərə tövsiyələrini verib, onları xəbər hazırlayarkən bir neçə mənbəyə istinad etməyə, hər zaman doğru xəbəri paylaşmağa çağırıblar.

Daha çox

Oxşar yazılar

Close