Gənclər Evində dəyirmi masa
Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Açılış zamanı Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masada çıxış edən müəssisənin dərnək rəhbərləri Aytac Abdullayeva və Samrin Xanlayev gənclərə Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib, erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Daha sonra müəssisənin bir qrup könüllüsü tərəfindən çəkilən və Mingəçevirdə yaşayan Xocalı sakinlərinin faciə ilə bağlı xatirə və təəssüratlarını əkst etdirən videoroliki izləyən iştirakçılar mövzu çərçivəsində müzakirə aparıb, dəhşətli hadisələrlə bağlı düşüncələrini bölüşüblər.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işlərinin davam etdiyini deyən əməkdaşlar gəncləri xalqımızın tarixi ilə bağlı həqiqətləri beynəlxalq səviyyədə çatdırmaqda aktiv şəkildə iştirak etməyə səsləyib. Sonda Heydər Əliyev Fondunun, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib. Filmdə Xocalı faciəsinin canlı şahidi, soyqırım zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəsüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.
Şərhlər bağlıdır.