Gənclər Xocalı faciəsinin ağrılarını yaşadılar
Onlar "İrəli" İctimai Birliyi tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmini də izlədilər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Mərkəzin əməkdaş və könüllüləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, soyqırım qurbanlarının xatirəsini hörmət və ehtiramla anıblar.
Daha sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan görüş keçirilib. Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaş və könüllüləri, Mingəçevir Heydər Əliyev Mərkəzinin işçiləri iştirak edib.
Görüş Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Tutu Xanlarova, mərkəzin əməkdaşları və könüllülər görüş iştirakçılarına Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib, erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar hazırlanan videoçarx və “Xoca” filmi nümayiş etdirilib. Eyni zamanda gənclər “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmini də izləyiblər. Film Xocalı facisiənin canlı şahidi, soyqırım zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda həmin günün dəhşətlərindən bəhs edir.
Şərhlər bağlıdır.