Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclər üçün gizli təhlükə: Protein tozları ölümə aparır?

Həkimlər xəbərdarlıq edir: təbii qidalar varkən əlavələr risklidir.

183

Son dövrlərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə protein tozlarına maraq xeyli artıb. Lakin mütəxəssislər bu əlavələrin nəzarətsiz istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığını bildirirlər. Qastroenterologiya sahəsində tanınmış mütəxəssis Prof. Dr. Vedat Göral bu məhsulların şüursuz şəkildə qəbulunun həyati təhlükə daşıya biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, protein tozları yalnız bədən quruluşunu yaxşılaşdırmaq məqsədi daşımır, eyni zamanda tərkibində ola bilən steroid və digər zərərli maddələr orqanizmə ağır ziyan vura bilər. Bu cür maddələrin uzun müddət istifadəsi cinsi zəiflik, qaraciyər funksiyalarının pozulması, siroz və hətta orqan köçürülməsi zərurəti ilə nəticələnə bilər.

Mütəxəssis xüsusilə protein tozlarının spirtli içkilərlə birlikdə qəbulunun təhlükəni daha da artırdığını qeyd edir. Onun fikrincə, bu əlavələr təkcə qaraciyərə deyil, həm də ürək əzələsinə və böyrəklərə mənfi təsir göstərir. Bəzi hallarda isə bu səbəbdən gənclər arasında ölüm faktlarının qeydə alındığı bildirilir.

Prof. Dr. Vedat Göral zülal ehtiyacının təbii qidalar hesabına qarşılanmasını tövsiyə edir. Onun sözlərinə görə, gündəlik qida rasionunda yumurta, qatıq, pendir, balıq və ət kimi məhsullar orqanizmin zülal tələbatını ödəmək üçün kifayətdir. Mənşəyi məlum olmayan və təsadüfi mənbələrdən alınan protein tozlarının isə sağlamlıq üçün ciddi risklər yaratdığı vurğulanır və bu cür məhsulların yalnız həkim məsləhəti ilə istifadə olunması tövsiyə edilir.

Eyni zamanda qeyd olunur ki, protein tozlarının həddindən artıq qəbulu kişilərdə cinsi zəiflik və digər arzuolunmaz fəsadlara yol aça bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.