Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin qatarı istifadəyə verilir

Yeni elektrik qatarları ilə gündə iki dəfə reyslər həyata keçiriləcək

33

Azərbaycan Dəmir Yolları (ADY) ilk dəfə olaraq regiondaxili marşrut üzrə müasir elektrik qatarları ilə sərnişin daşımalarına başlayır.

Sentyabrın 28-dən etibarən Gəncə–Mingəçevir–Ağstafa istiqamətində hər gün iki dəfə qatar reysləri təşkil olunacaq. Qrafikə əsasən, səhər saat 05:45-də Gəncədən yola düşən qatar 06:57-də Mingəçevirə, 07:15-də isə Gəncə–Ağstafa istiqamətinə hərəkət edərək 09:48-də Ağstafaya çatacaq. Günün ikinci reysi isə 16:00-da Ağstafadan başlayaraq 18:36-da Mingəçevirə, 20:11-də isə Gəncəyə çatacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər. Qatarlarda standart, standart+ biznes və birinci sinif biletləri təqdim ediləcək. Qiymətlər Gəncə–Mingəçevir istiqaməti üzrə 2,60 AZN-dən, Mingəçevir–Ağstafa istiqaməti üzrə isə 6,80 AZN-dən başlayır. Səfər zamanı sərnişinlər ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər. Biletlərin satışı 25 sentyabr tarixindən ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirilir.

Marşrutun açılması ilə bağlı Mingəçevirdə dəmir yolu infrastrukturu yenilənib, stansiya binasında təmir aparılıb və gözləmə zalı müasir şəraitə uyğunlaşdırılıb. ADY-nin ilkin hesablamalarına görə, bu marşrut üzrə il ərzində təxminən 100 min sərnişin daşınacaq.

Yeni xətt bölgələrdə nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Mingəçevirin turizm potensialına da müsbət təsir göstərəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində regionların tarazlı inkişafına dəstək olacaq.

Qeyd edək ki, son illərdə ADY Bakı–Qəbələ, Bakı–Balakən, Bakı–Ağdam kimi yeni marşrutları istifadəyə verib, mövcud xəttlərdə isə əlavə dayanacaqlar yaradılıb və sərnişinlər üçün xidmət keyfiyyəti yüksəldilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.