Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gələn il işsizlər üçün ayrılan vəsait artırılır

28 milyon manatlıq sığorta ödənişini kimlər və hansı şərtlərlə ala biləcək?

25

Gələn il işsizlər üçün ayrılan vəsait artırılır – Kimlər bu ödənişdən yararlana biləcək?

İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsi Milli Məclisdə ilk oxunuşda təsdiqlənib. Sənədə əsasən, gələn il fondun ümumi xərcləri 266,4 milyon manat təşkil edəcək. Bu məbləğin müəyyən hissəsi aktiv məşğulluq proqramlarına yönəlsə də, 28 milyon manat birbaşa işsizlik sığortası ödənişlərinin maliyyələşdirilməsinə ayrılıb. Bu isə 2025-ci illə müqayisədə 65 faizlik ciddi artım deməkdir.

Kimlər bu ödənişdən yararlana biləcək?

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyən edilmiş əsaslarla işini itirən şəxslər üçün nəzərdə tutulur. Ödəniş aşağıdakı hallarda verilir:

  • Dövlət qurumunun və ya hüquqi şəxsin ləğvi;

  • İşçi sayının və ya ştat vahidlərinin ixtisar edilməsi;

  • Müəssisənin mülkiyyətçisinin dəyişməsi;

  • Məhkəmə qərarı ilə əvvəlki işçini vəzifəsinə bərpa edilməsi səbəbindən digər işçinin işdən çıxarılması;

  • Həqiqi hərbi xidmətdən qayıdan şəxsin əvvəlki işinə bərpa hüququndan istifadə etməsi;

  • Əmək müqaviləsinin müddətinin bitməsi.

Ödəniş almaq üçün prosedur necədir?

Deputat bildirib ki, sığorta ödənişi almaq hüququ olan şəxs əvvəlcə Dövlət Məşğulluq Agentliyinin yerli bölmələrində və ya DOST mərkəzlərində işsiz kimi qeydiyyatdan keçməlidir. Daha sonra vətəndaş ərizə ilə müraciət edir və təqdim olunan sənədlər əsasında ödəniş təyin olunur.

Müddətli müqavilə ilə çalışan şəxsin işdən çıxması halında, son 36 ayın 24 ayından çoxunda işləməsi tələb olunur. Ləğv, ixtisar və digər səbəblər üzrə işdən azad edilənlər üçün isə son 24 ayın 12 ayında sığorta stajına malik olmaq şərtdir.

Ödənişin məbləği sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizinə bərabər olur. Məbləğ ölkə üzrə əvvəlki ilin orta aylıq əməkhaqqısından çox, minimum sığorta ödənişindən isə az ola bilməz. Bundan əlavə, hər uşağa görə ödəniş 5 faiz artırılır.

Deputatın sözlərinə görə, göstərilən şərtlərə uyğun gələn vətəndaşlar müraciət etməklə işsizlər üçün nəzərdə tutulan bu vəsaitdən yararlana bilərlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.