Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gələn aydan avtomobillər bahalaşır: İdxal modellərində 20%-lik artım gözlənilir

Hibrid avtomobillərə tətbiq olunan güzəştlərin bitməsi həm yeni, həm də ikinci əl bazarında qiymətləri dəyişəcək

4

Avtomobil bazarında qiymət artımı hələlik nisbətən zəif hiss edilsə də, gələn ilin əvvəlindən ciddi bahalaşma gözlənilir. Yanvar–fevral aylarında idxal olunan avtomobillərin qiymətinin təxminən 20 faiz artacağı proqnozlaşdırılır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bahalaşmanın əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin müddətinin başa çatmasıdır.

“Güzəştlərin dayandırılması xüsusilə hibrid avtomobillərin qiymətinə birbaşa təsir edəcək”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, son illərdə ölkədə hibrid avtomobillərə maraq xeyli artıb:

“Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə müsbət münasibət formalaşıb. Dövlətin son 3–4 ildə rüsumların azaldılması və digər stimullaşdırıcı addımları hibrid avtomobillərin geniş yayılmasına səbəb olub. Hazırda ən çox tələb olunan modellər məhz hibrid avtomobillərdir”.

Ekspert həmçinin ikinci əl bazarındakı vəziyyəti də dəyərləndirib. O bildirib ki, hazırda köhnə avtomobillərin satışında müəyyən durğunluq müşahidə olunur, lakin gələn ildən bu seqmentdə canlanma gözlənilir.

Mütəxəssislər alıcıları mümkün bahalaşmaya hazır olmağa və avtomobil alışı ilə bağlı qərarlarını buna uyğun planlaşdırmağa çağırırlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.