Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə fəaliyyətlər həyata keçirib
İlk öncə mərkəzin əməkdaş və gəncləri Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirəsini sevgi və ehtiramla anıblar! Daha sonra qazilərlə görüşən əməkdaş və gənclər Şəhidlərin Xatirə Muzeyini ziyarət edib.
Daha sonra “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və GİKM-in Mingəçevir nümayəndəliyinin gəncləri Azərbaycanın Zəfər tarixini yazan Xüsusi Təyinatlı Qüvvələrin sirli və dünyaya səs salan gizli əməliyyatlarının təfərrüatlarından bəhs edən “Kod adı: Yaşma” sənədli filmini izləyib, filmlə bağlı təəssüratlarını bölüşüblər.
“Şuşa, sən azadsan!” tədbirlər silsiləsinə start verilib. Layihənin ilk qonağıı İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən, Şuşa uğrunda gedən döyüşlərdə əsir düşən qəhrəmanımız Bayram Kərimov olub. Görüş zamanı Bayram Kərimov iştirakçılara çətin və şərəfli döyüş yolu, əsirlikdə olduğu zaman yaşadıqları, ən çətin və unudulmaz döyüşü ilə bağlı məlumat verib. Gənclərin suallarını cavablandıran qəhrəmanımız zəfər xəbərini eşitdiyi zaman keçirdiyi təəssüratları bölüşüb, gənclərə hər zaman vətənə sadiq olmağı, şəhidlərimizin qanı, canı bahasına azad edilən torpaqlarımızı göz bəbəyi kimi qorumağı tövsiyə edib.
Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir, Yevlax, Ağdaş, Gəncə, Goranboy, Samux, Naftalan nümayəndəliklərinin təşkilatçılığı ilə keçirilib.
44 günlük zəfər yürüşünə həsr olunan hər həftənin bazar günü keçiriləcək “Möhtəşəm 44 günün birincisi” intellektual turnirinə start verilib. GİKM-in Mingəçevir nümayəndəliyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və “İşıqlı Gələcək” GİB-in birgə təşkilatçılığı ilə keçirilən turnirin açılışında komandalara 44 günlük zəfər yürüşü, ordumuzun əldə etdiyi qələbənin təfərrüatları ilə bağlı məlumat verilib. “Nə? Harada? Nə zaman?” formatında baş tutan turnirin ilk yarışında 8 komanda iştirak edib. 44 gün ərzində rəşadətli ordumuzun keçdiyi çətin və şərəfli döyüş yolu, milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü ilə bağlı sualları cavablandıran komandalar qalib olmaq uğrunda mübarizə aparıblar.
Şərhlər bağlıdır.