2021-ci ilin 9 mart tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub.
Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov universitetin tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan Ş.Bayramov sürətlə moderənləşən MDU-nun beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb.
Fransanın müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından bəhs edən rektor inzibati heyət üzvlərinin bacarıqlarının inkişafı və tələbələrin startap fəaliyyəti sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
MDU-da olmaqdan məmnunluğunu bildirən səfir Z.Qross Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıqda təhsil sahəsinin önəmli yer tutduğunu bildirib. Fransız-Azərbaycan Universitetinin (UFAZ) uğurlu fəaliyyətini vurğulayan səfir Fransada ali təhsil imkanları, ingilis dilində təqdim edilən proqramların davamlı artması və xarici vətəndaşlar üçün təqaüd imkanları haqqında danışıb.
Görüşdə fransız dilinin tədrisi, bu sahədə mövcud olan onlayn resurslar, tələbələrin Azərbaycanda fəaliyyət göstərən fransız şirkətlərində təcrübə keçməsi imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər bağlıdır.