Bizimlə həyatınız həmişə işıqlı olacaq!

FHN-dən şaxtalı hava ilə bağlı əhaliyə xəbərdarlıq

Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və ehtiyatlı olmağa çağırır

18

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində müşahidə olunan soyuq və şaxtalı hava şəraiti ilə əlaqədar vətəndaşlara təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edib.

Nazirliyin yaydığı məlumatda bildirilib ki, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan şəxslər, eləcə də bu istiqamətlərə səfər etməyi planlaşdıranlar ehtiyatlı davranmalıdırlar. Şaxtalı hava şəraitində zəruri olmadıqca yaşayış məntəqələrini tərk etməmək, məcburi hallarda isə hərəkət marşrutu barədə yaxınları əvvəlcədən məlumatlandırmaq məsləhət görülür. Avtomobillə hərəkət zamanı nəqliyyat vasitəsinin mövsümə uyğun texniki vəziyyətdə olması, kifayət qədər yanacaq ehtiyatının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, qar uçqunu riski olan ərazilərdən və dik yamaclardan uzaq durmaq, qaranlıq düşmədən geri qayıtmaq tövsiyə olunur.

Müraciətdə qeyd olunub ki, havaların kəskin soyuması ilə əlaqədar qaz və elektrik qızdırıcılarından istifadə halları artdığından, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Nasaz, standartlara cavab verməyən və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi yüklənməməli, işlək vəziyyətdə olan istilik cihazları nəzarətsiz buraxılmamalıdır.

FHN bir daha vətəndaşları məsuliyyətli davranmağa çağıraraq vurğulayıb ki, təhlükəsizlik qaydalarına laqeyd yanaşma ciddi fəsadlara yol aça bilər. Fövqəladə hallar zamanı dərhal 112 qaynar xətti ilə əlaqə saxlanılması tövsiyə olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.