Evini kirayə verənlər üçün yeni vergi qaydası müəyyənləşdi
Kirayədən gəlir əldə edən fiziki şəxslər 10 faiz dərəcə ilə vergi ödəyəcəklər
Yaşayış sahələrini kirayə verən şəxslər üçün yeni vergi tələbi müəyyənləşdirilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslərə məxsus mənzillərin (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlir 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, əgər kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənilirsə, o zaman icarəyə (kirayəyə) verən şəxs və ya onun təyin etdiyi vergi agenti 10 faiz dərəcə ilə vergini ödəməli olacaq.
Qanunvericiliyin hazırkı vəziyyətinə görə, bu cür hallarda icarəyə verən şəxs gəlirini 14 faiz dərəcə ilə vergiyə cəlb edir və özü bəyannamə təqdim edir. Yeni dəyişikliklər qəbul olunarsa, yaşayış sahələrinin kirayə müqavilələrinə tətbiq edilən vergi yükü 14 faizdən 10 faizə endiriləcək.
Dəyişikliklərin məqsədi kirayə gəlirlərinin leqallaşdırılmasını təşviq etmək və fiziki şəxslərin vergi öhdəliklərinin daha şəffaf şəkildə icrasını təmin etməkdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.