Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənilərin atəşi nəticəsində dağılan evlər və infrastruktur bərpa olunur

APA TV-nin məlumatına görə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi altında bu gündən Gəncədə Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş infrastrukturun, sahibkarlıq obyektlərinin və yaşayış evlərinin bərpasına başlanılıb.

İlkin mərhələdə şəhərə ballistik raketlərin atılması nəticəsində dağılmış evlər yenidən tikiləcək, bəzi evlər və mənzillər təmir-bərpa olunacaq.

Görülən işlərdən sakinlər də razıdır:

– 3 otaq idi, indi 4 otaq tikib verirlər bizə. Elə qardaşıma da həmçinin. İki otaq idi, 3 otaq tikib verirlər. O da dağılmışdır.

– İndi tikintiyə başlayıblar. Proyekti göstərdilər, çox razı qaldıq. 5 otaqlı ev. Bütün şəraitlə bir yerdə dedilər hazır edib verəcəyik.

Mingəçevir şəhərində də kompleks şəkildə tikinti-təmir işlərinə başlanılıb.

Vətən müharibəsinin gedişində strateji mövqeyi və obyektləri ilə düşmən ordusunun hədəfinə çevrilən Mingəçevir şəhəri dəfələrlə uzaqmənzilli ballistik raketlərlə atəşə tutulub.

Atəş nəticəsində iri enerji müəssisəsi ilə yanaşı, vətəndaşların fərdi yaşayış evləri də dağıntılara məruz qalıb. Əsasən Azərbaycan İstilik Elektrik Stansiyası hədəf alındığı üçün ən çox zərər görən də stansiyanın yerləşdiyi əraziyə yaxın evlər və fərdi təsərrüfatlar olub.

Hazırda podratçı inşaat şirkəti tərəfindən qeyd olunan ərazilərə kifayət qədər işçi qüvvəsi və maşın-mexanizm cəlb olunub.

Görülən işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Evlərin və digər tikililərin damı, divarları, qapı-pəncərələr bərpa olunub yenidən qurulur, yaşayış üçün uyğunsuz hesab edilən tikililər isə sökülərək, yerində yenisi inşa olunur.

Ermənistan Ordusunun təxribatı nəticəsində Goranboy və Naftalan rayonlarında da zərər çəkmiş mülki obyektlərin, dağılmış evlərin tikintisinə və təmiri işlərinə başlanıb.

Goranboyun Aşağı Ağcakənd, Qaraçinar, Qızılhacılı, Səfikürd, Meşəli, Zeyvə, Tapqaraqoyunlu kəndlərində, habelə Naftalan rayonunun Qaşaltı kəndində tikinti, təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və podratçı şirkət tərəfindən həyata keçirilir.

Vətən Müharibəsində zərər çəkən kəndlərdən biri də Goranboy rayonunun Tapqaraqoyunlu kəndidir. Bu kənddə 300-ə yaxın evə ziyan dəyib. Hazırda bizim durduğumuz ev də, gördüyünüz kimi, tamamilə dağılıb müharibə zamanı. Bu ev sökülərək yerində yenisi tikiləcək.

Ermənistan Ordusunun 44 günlük müharibə zamanı açdığı atəş nəticəsində Ağcabədi rayonunda da zərər çəkmiş infrastrukturun, mülki obyektlərin, dağılmış evlərin tikintisinə və təmiri işlərinə start verilib.

Rayon sakini Lazım Quliyev üç otaqlı evinin yenidən tikildiyini deyir: “Evimin yenidən tikilməsinə başlanılıb. Üçotaqlı evim yenidən tikilir. Ermənilərin atdığı mərmilər nəticəsində evim dağılmış, bütün əşyalarım da içində məhv olmuşdu. İndi hər evimizi yenidən tikirlər”.

Ermənistan Silahlı Qüvvələrinin Beyləqan rayonunu atəşə tutması nəticəsində dağılan və zərər görən fərdi yaşayış evlərinin, inzibati binaların və mülki obyektlərin də tikintisi və bərpası işlərinə bu gündən start verilib.

II qrup əlil Ceyhun Kazımov ermənilərin atdığı raket nəticəsində evinin dağıldığını deyir: “Ötən il oktyabr ayının 3-də atılan raketlər mənə məxsus ev dağıdıb. Atəş zamanı evdə olan üç övladım və həyat yoldaşım xəsarət alıb. Bu gün isə Cənab Prezidentimiz evlərimizi bərpa etdirir. Evimiz beşotaqlı idi, indi də beşotaqlı tikilir, əvvəlkindən də gözəldir”.

Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən Füzuli rayonu ərazisində də yaşayış evləri, mülki və infrastruktur obyektləri ciddi ziyan görüb. Dövlət Komissiyasının rəyi əsasında yanvarın 27-dən Füzuli rayonu ərazisində tikinti və təmir-bərpa işlərinə başlanıb.

44 günlük müharibənin ilk günlərindən erməni silahlı birləşmələrinin hədəfinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də yaşayış evləri, inzibati binalar, mülki obyektlər ciddi ziyan görüb. Bu gündən Cocuq Mərcanlı kəndində də tikinti işlərinə start verilib.

Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ən çox ziyan görən ərazilərdən biri Tərtər şəhəri və rayonun keçmiş cəbhəyanı kəndləridir. Erməni silahlı birləşmələrinin intensiv artilleriya və raket zərbələri nəticəsində günahsız mülki insanların qətlə yetirilməsi ilə yanaşı, mülki binalara, fərdi yaşayış evlərinə, sahibkarlıq və infrastruktur obyektlərinə külli-miqdarda ziyan dəyib.

Dövlət Komissiyasının rəyinə əsasən, bu gündən Tərtər rayonunda da tikini və təmir-bərpa işlərinə başlanılıb: “Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 10 mindən yuxarı obyektə baxış keçirilmiş, layihə smeta sənədləri, baxış aktları hazırlanmışdır. Tərtər rayonunda obyektlərin siyahısı 4 mini keçib. Hazırda işlər davam edir və dəqiqləşmələr aparılır. Təmiri bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzində 2,3,4 və 5 otaqlı eyni tipli fərdi yaşayış evlərinin tikilməsi planlaşdırılır. İşlərin qısa müddətdə keyfiyyətlə bitirib sahiblərinə verməsini planlaşdırırıq”.

Analoji işlər Ağdam rayonunun keçmiş cəbhəyanı yaşayış məntəqələrində də aparılır. Ziyan dəymiş yaşayış evlərinin, inzibati binaların, sosial obyektlərinin tikintisinə və təmir-bərpasına başlanılıb: “Evimə topun mərmisi düşmüşdü. Yəni hər şey göz qabağındadır. Şükürlər olsun ki, yəni. əsas odur ki, torpaqlarımız azad olundu işğaldan”.

Həm Bərdə şəhəri, həm də rayonun bəzi kəndləri 44 günlük müharibə dövründə düşmənin əsas hədəflərindən olub. Nəticədə Bərdə sakinləri arasında xeyli mülki şəxs şəhid olub, rayon mərkəzində və kəndlərdə irimiqyaslı dağıntılar baş verib.

Artıq Bərdə rayonunda da bu gündən tikinti və təmir işlərinə start verilib. Dövlət Komissiyasının qiymətləndirməsinə əsasən, tam dağılmış evlərin yerində yeniləri inşa edilir, qismən dağıntıya məruz qalan evlərin isə təmir-bərpası aparılır.

Tikinti və təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılması və tezlik başa çatdırılması nəzərdə tutulur.

Fuad Nazimoğlu,

Habil Aslanoğlu,

Ehtiram Muradov,

APA TV

Şərhlər bağlıdır.