Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistanda Azərbaycan dili tədris olunacaq – Bakıdan maraqlı təklif

Millət vəkilləri qarşılıqlı dil tədrisinin regionda anlaşma və elmi biliklərin dərinləşməsinə töhfə verəcəyini bildirirlər.

145

Ermənistanın üç dövlət məktəbində 2025–2026-cı tədris ilindən etibarən Azərbaycan dili kursları təşkil olunacaq. Yeni proqram çərçivəsində 10–12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Kurslar könüllü əsasda həyata keçiriləcək və müəllimlərin mövcudluğundan asılı olacaq.

Maraqlı sual yaranır: Azərbaycanda da oxşar addım atılaraq, məktəblərdə erməni dilinin tədrisi mümkündürmü?

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə hesab edir ki, Ermənistanda Azərbaycan dilinin tədrisi uzunmüddətli perspektivdə qarşılıqlı anlaşma və dialoqun möhkəmlənməsinə xidmət edəcək:

“Əgər ermənilər bizim ədəbiyyatımızı, tariximizi orijinal mənbələrdən oxusalar, vəziyyətə daha real baxa bilərlər. Bu, onların uydurma miflərdən uzaqlaşmasına və Azərbaycanın mövqeyini daha obyektiv qiymətləndirməsinə kömək edəcək.”

Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə bildirib ki, Azərbaycanın da bu istiqamətdə addımlar atması vacibdir:

“Ermənistan uzun illərdir Azərbaycanı öyrənir, elmi tədqiqatlar aparır. Biz də regiondakı ölkələrin, xüsusilə Ermənistanın tarixini, siyasətini və cəmiyyətini dərindən tədqiq etməliyik.”

Deputat əlavə edib ki, bu istiqamətdə fəaliyyətlər təkcə orta məktəblərlə məhdudlaşmamalı, universitet səviyyəsində də davam etdirilməlidir.

“Bölgənin tarixi və mədəniyyətini dərindən bilmədən oradakı proseslərə düzgün qiymət vermək və səmərəli siyasət yürütmək mümkün deyil. Biz Gürcüstanı, Rusiyanı və digər qonşu ölkələri də öyrənməli, onların dillərinə yiyələnməliyik. Bu, strateji baxımdan prioritet məsələdir.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.