Ermənistan parlamentinin sədri: Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni məhsulları satılacaq
Alen Simonyan iki ölkə arasında tədricən normallaşan münasibətlərdən danışaraq ortaq bazar perspektivini vurğulayıb
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana “Tramp marşrutu” üzrə maneəsiz yolun açılması barədə jurnalistlərin sualını cavablandırarkən bildirib ki, artıq skanerlər mövcuddur və maşınlar onlardan keçəcək.
Simonyan iki ölkə arasında münasibətlərin tədricən normallaşdığını, lakin hələ yaraların təzə olduğunu qeyd edib:
“Gərginlik var, həm bizim, həm də onların tərəfində yaralar hələ sağalmayıb. Söhbət həm də bir-birimizlə üzbəüz ünsiyyətin vacibliyindən gedir.”
Spiker hesab edir ki, 5–10 ildən sonra iki xalq arasında münasibətlər tam normal olacaq:
“Biz qonşuyuq və zaman keçdikcə hər şey düzələcək. İki xalq nümayəndələrinin üzbəüz gəlməsində problem olmayacaq. Eyni ermənilər və azərbaycanlılar bizneslə məşğul olurlar, Moskvada dostdurlar, Gürcüstanda və digər ölkələrdə də eyni vəziyyətdir.”
O əlavə edib ki, yaxın gələcəkdə iki ölkə arasında ticarət genişlənəcək və ortaq bazar yaranacaq:
“Bizim mağazalarda Azərbaycan məhsulları, Bakıda isə Ermənistan məhsulları satılacaq. Məsələn, ermənilər ucuz benzini Azərbaycandan alıb geri qayıdacaqlar. Bunlar qaçılmazdır.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.