Ermənistan Elektrik Şəbəkələrinin Türkiyəyə verilməsi iddiaları təkzib olundu
Tənzimləyici qurum: Belə məsələ nə gündəmdədir, nə də müzakirə edilir
Ermənistanda “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin guya Türkiyə şirkətinin idarəetməsinə veriləcəyi ilə bağlı yayılan məlumatlar rəsmi şəkildə təkzib edilib. Bu barədə ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan açıqlama verib.
Erməni KİV-lərinin yaydığı xəbərlərə münasibət bildirən Mesropyan qeyd edib ki, rusiyalı iş adamı Samvel Karapetyana məxsus olan şirkətin mümkün milliləşdirilməsindən sonra Türkiyə tərəfinə ötürülməsi məsələsi ümumiyyətlə müzakirə mövzusu deyil. Onun sözlərinə görə, belə bir ssenari hətta nəzəri baxımdan da nəzərdən keçirilmir.
Komissiya sədri mətbuat konfransında müxalifət nümayəndələrinin bu iddialarını əsassız adlandırıb. O, həmçinin 2025-ci ildə qurumun üç əməkdaşının guya Türkiyəyə səfər edərək satışla bağlı danışıqlar apardığı barədə yayılan məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb.
“Bu məsələ gündəlikdə yoxdur. Şirkətin hansısa Türkiyə şirkətinə satılması üçün hazırda heç bir real əsas mövcud deyil”, – deyə Mesropyan bildirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.