Ermənilərdən ABŞ görüşünə zidd reaksiyalar
Paşinyan sülh və ticarət imkanlarını vurğulayır, revanşist qüvvələr razılaşmalara kölgə salmağa çalışır
Ağ Evdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında keçirilən görüşdə sülh prosesinə dair mühüm razılaşmalar əldə olunub. Görüşün yekununda imzalanan birgə bəyanatda region üçün strateji əhəmiyyət kəsb edən məsələlər öz əksini tapıb. Bu addım həm Cənubi Qafqazın sabitliyi, həm də iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm mərhələ hesab olunur.
Hadisə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Lakin Ermənistan daxilində mövzu ətrafında müxtəlif fikirlər mövcuddur. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Azərbaycanın logistika marşrutlarına inteqrasiyası ABŞ–Rusiya münasibətlərinə də müsbət təsir göstərə bilər. O, 30 ilə yaxın Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsinin mövcud olmadığını xatırladaraq, yeni mərhələdə İrəvanın Mərkəzi Asiya ilə birbaşa əlaqə imkanı əldə edəcəyini vurğulayıb. Paşinyan həmçinin Çinin də regiona çıxış əldə edəcəyini qeyd edib.
Baş nazir iki ölkə vətəndaşları arasında ikitərəfli ticarətin başlanmasının təhlükəsizliyin təminatında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Ermənistanda ictimai rəy isə parçalanmış görünür. Revanşist qüvvələr sülh istiqamətində atılan addımlara kölgə salmağa çalışaraq, ikitərəfli ticarətin təhlükəsizlik baxımından risklər daşıdığını iddia edirlər.
Bununla yanaşı, Respublika Partiyasının sədri Aram Sarkisyan əks mövqedən çıxış edib. O, ABŞ-nin himayəsi və zəmanəti altında sülhün bərqərar olmasının tərəfdarı olduğunu, yolların açılması, eləcə də nəqliyyat, energetika və yeni texnologiya sahələrinin ortaq idarə edilməsinin vacibliyini vurğulayıb:
“Xalqımızın bu istiqamətdə əldə etdiyi uğuru ürəkdən təbrik edirəm.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.