Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və səfərlərə dair növbəti görüşlər keçirilib.
Görüşlərdə layihə ilə əlaqədar İspaniyanın Kataloniya Politexnik Universiteti, Portuqaliyanın Lissabon Universiteti və Estoniyanın Tallin Texnologiya Universitetində təlim səfərlərində olmuş MDU əməkdaşları – Üzeyir Zeynalov, Mehdi Rəhimov, Samirə Əhmədova və Günel Kərimli çıxış edərək əldə etdikləri təcrübələri bölüşüblər.
Bununla yanaşı, layihə çərçivəsində gələcək fəaliyyətlər və gözlənilən nəticələr müzakirə edilib, görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.
Şərhlər bağlıdır.