Enerji təhlükəsizliyi və yaşıl keçid
Abşeron və Ağdaşda 250 MVt gücə malik regionun ən böyük Batareya Enerji Saxlanc Mərkəzləri yaradılır
MDB məkanında güc və tutum baxımından ən böyük Batareya Enerji Saxlanc Mərkəzləri yaxın aylarda Abşeron və Ağdaş rayonlarında istifadəyə veriləcək.
Bu barədə “AzərEnerji” ASC məlumat yayıb.
Məlumata görə, bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləmək məqsədilə nəzərdə tutulan Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) artıq 15 faizi ölkəyə çatdırılıb, qalan 85 faizin isə aprel ayınadək gətirilərək quraşdırılması planlaşdırılır.
Qeyd olunub ki, MDB məkanında analoqu olmayan bu irimiqyaslı enerji obyektləri paytaxta yaxın 500 kV-luq “Abşeron” və ölkənin mərkəzi hissəsində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində inşa edilir.
Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün nəzərdə tutulan batareya sistemlərinin ilk partiyası artıq ölkəyə gətirilib. Avadanlıqlar Çinin “Great Power” zavodunda sifariş əsasında istehsal olunaraq dəniz yolu ilə Türkiyənin Gemlik limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana çatdırılıb. Çəkisi 36 ton olan batareya blokları polis müşayiəti ilə xüsusi qaydada təyinat yerlərinə daşınaraq quraşdırılıb.
“AzərEnerji” ASC bildirir ki, Batareya Saxlanc Mərkəzlərinin yaradılması enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, bərpa olunan enerji mənbələrində dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi və fövqəladə hallarda enerji sisteminin sürətli bərpası baxımından strateji əhəmiyyət daşıyır.
Bu layihə eyni zamanda Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirəcək, eləcə də ölkənin elektrik şəbəkəsinin həm qonşu dövlətlərlə paralel, həm də müstəqil rejimdə etibarlı fəaliyyətini təmin edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.