Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əmək qanunvericiliyində mühüm yenilik

Dəyişikliklər 700 minə yaxın vətəndaşın maaş artımına təsir göstərəcək

52

Prezident “Əmək Məcəlləsi”nə edilən dəyişiklikləri təsdiqləyib və yeni qaydalara əsasən minimum əmək haqqına ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu yenilik minimum əmək haqqının artırılmasında müntəzəmliyi təmin edəcək və artım mexanizmini qanunla tənzimləyəcək.

Deputat bildirib ki, minimum əmək haqqındakı artım təkcə aşağı gəlirli şəxslərə deyil, həm də vahid tarif cədvəli (VTC) üzrə bütün dərəcələrə təsir göstərir. Dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşları minimum əmək haqqı artırıldıqdan sonra bir ay ərzində yeni məbləğə uyğunlaşdırılır. Bu kateqoriyaya sosial sahə, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal təsərrüfatı, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan əməkdaşlar daxildir.

Qeyd olunub ki, həmin işçilərin maaşları 19 dərəcədən ibarət tarif cədvəli əsasında formalaşır. Hazırda ən aşağı vəzifə maaşı 400 manat, ən yüksək isə 1150 manat təşkil edir. Minimum əmək haqqının dövri şəkildə artırılması faktiki olaraq bütün tarif pillələrində artıma səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən yuxarı və ya aşağı olması əsas rol oynamır.

Vüqar Bayramov vurğulayıb ki, minimum əmək haqqındakı artım həm dövlət, həm də özəl sektora təsir edir. Qanunvericiliyə əsasən, minimum əmək haqqından aşağı maaş təklif etmək qadağandır. Ümumilikdə isə bu dəyişikliklər təxminən 700 min vətəndaşın gəlirlərinin artmasına gətirib çıxarır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.