Kür sahilində balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq, vaxtlarının bir hissəsini gözəl təbiətin qoynunda, çay qırağında keçirirlər. Nəticədə həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar.
Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsli olur-olsun, o, Kürün sahilinə gələrək balıq tutur. Deyir ki, onun kiçik tilovuna çayın ən dadlı balıqları düşür.
Həvəskar balıqçı heç bir yerdə işləmədiyini, ailəsinin kiçik bir ehtiyacını burdan tutduğu balıqlardan çıxardığını da bildirdi: ”Səhər saat 11 dən sonra sahilə gələrək, ovlarımın yerlərini müəyənləşdirirəm. Sonra isə tilova “soxulcan” və ya “xəmir” keçirərək kiçik balıqları ovlayıram. Onların xırda olmasına baxmayın, bunlar Kür çayının ən dadlı balıqlarıdır”.
Elman Süleymanov balıq tutmaq üçün hava şəraitinin də əsas olduğunu söyləyir: “Çox küləkli və ya çox sakit, aydın və ya zil qaranlıq hava balıq tutulmasında müəyyən rol oynayır. Filmlərdə göstərilən kimi, ovumuz hər zaman uğurlu olmur. Bəzən evə əliboş qayıdırıq. Balıq tuta bilmək üçün insanda səbr və işindən zövq almaq önəmlidir”.
Balıqçı hətta tutduğu bu xırda balıqlara müştəri də tapa bilir: “Hər adam balıq ovlaya bilmir, amma gəlib yanımda durub baxırlar, hətta almaq istəyənlər də olur. Mən də işsiz adamam, satıb, çörək pulu edirəm hərdən”.
Həmsöhbətimiz hava xoş olduğundan iki kiloya yaxın xirda balıq tutduğunu da bildirdi.
Şərhlər bağlıdır.