Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Elm Günü”nə həsr edilmiş tələbə elmi konfransı

314

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin (İİF) Tələbə Elmi Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş “Yüksək keyfiyyətli təhsil müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli tələbə gənclərin karyera inkişafında təhsillə yanaşı, elmi fəaliyyətin də mühüm rol oynadığını vurğulayıb. Son dövrdə gənclərin hərtərəfli inkişafı, eləcə də onların tədqiqat bacarıqlarının artırılması məqsədilə universitetdə yaradılan imkanlardan danışan N.Qədimli tələbələrin elmi potensialının inkişafına dəstək göstərən akademik heyət üzvlərinə təşəkkürünü bildirib. Konfransın mövzusunun aktuallığından bəhs edən dekan tələbələri müzakirələrdə fəal olmağa çağırıb və onlara uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Gültəkin Musazadə “Mükəmməl təhsil qüdrətli dövlətin təzahürüdür”, Nurlan Ağammədov “Müasir dövrdə ali təhsilin keyfiyyətli inkişafı istiqamətləri”, Zəminə Məmmədova “Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiyasında reallıqlar və perspektivlər”, Əlirza Abdullayev “Azərbaycanda tədqiqat bacarıqlarına əsaslanan təhsil sisteminin yeni məzmunu və inkişafı” və Fidan Rəhimli “Regionların sosial-iqtisadi inkişafında təhsilin rolu və strateji istiqamətləri” mövzusunda çıxış ediblər.

Daha sonra, fakültənin tələbələrindən Ləman Əliyeva və Dürdanə Məmmədova “Müasir təhsil sistemində təlim texnologiyalarınının tətbiqi məsələləri”, Xanımtər Vəliyeva və Gülnar Mustafayeva “Pandemiyanın təhsil sisteminə təsiri”, Fidan Babayeva və Kənan Mustafayev “Azərbaycanda inklüziv təhsilin inkişafı və prioritetləri”, Gülxar Əbilova “Təhsilin iqtisadiyyatı və insan kapitalı” və İlkin Əhədov “Təhsil sahəsində tətbiq edilən vergi güzəştlərinin iqtisadi mahiyyəti” mövzusunda məruzələrini təqdim ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq, “Elm günü” çərçivəsində MDU-da akademik heyət üzvləri və tələbələrin iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir.

 

Şərhlər bağlıdır.