Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əlillik dərəcələri ilə bağlı korrupsiya işi

Rüşvət ittihamı ilə mühakimə olunan Könül Əliyeva və İltizam Əzimov məhkəmə zalında həbs edildi

53

Əlillik dərəcələrinin qanunsuz təyin edilməsi qarşılığında külli miqdarda rüşvət almaqda ittiham olunan Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.

Dövlət ittihamçısı hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilənlər məhkəmə zalında həbs olunublar.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Könül Əliyeva “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verib. İbtidai istintaq zamanı onun həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin sabiq müdiri İltizam Əzimovun köməkçiliyi ilə əlillik dərəcələrinin təyin edilməsi məqsədilə saxta məlumatları elektron sistemə yerləşdirdiyi və bu xidmət qarşılığında vətəndaşlardan dəfələrlə rüşvət aldığı müəyyən edilib.

Toplanmış sübutlar əsasında Könül Əliyevaya Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 313-cü, İltizam Əzimova isə həmin maddələr üzrə köməkçilik əməlləri ilə bağlı ittihamlar irəli sürülüb. İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın bir hissəsinin ödənilməsi də təmin olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.