Elektron ticarətdə vergilər məhsul qiymətlərinə təsir edəcək
Temu, Trendyol, Shein və digər platformalar vergi uçotuna alınarsa, məhsulların qiyməti artacaq
Milli Məclisdə Vergi Məcəlləsinə ediləcək dəyişikliklər müzakirə olunur. Yeni qaydaya əsasən, Azərbaycanda xidmət göstərən və qeyri-rezident olan elektron ticarət platformalarının illik dövriyyəsi 10 000 ABŞ dollarını keçərsə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. İllik dövriyyəsi bu məbləği keçməyən platformalar üçün uçota alınma könüllü olacaq.
Qanun qəbul olunarsa, Temu, Trendyol, Shein, Alibaba və digər oxşar onlayn ticarət platformalarında satılan məhsulların qiymətində artım gözlənilir. Bunun səbəbi həmin platformaların ƏDV qeydiyyatına alınması, elektron bəyannamə təqdim etməsi və vergiləri ödəmək öhdəliyinin yaranmasıdır.
Lakin məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn, mühəndislik, onlayn tədris və təlim xidmətləri, həmçinin mədəni, idman və əyləncə tədbirlərinə bilet satışları bu tənzimləməyə daxil edilmir. Vergi uçotu və ƏDV-nin ödənilməsi qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Milli Məclisin üzvü Azər Badamov bildirib ki, elektron ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin sosial ödəniş məsələləri əmək münasibətlərinə bağlıdır: “Əgər şəxs işçi götürmürsə, Əmək Məcəlləsinin tələbləri tətbiq olunmur və yalnız vergi ödəməsi kifayət edir. Bu halda 16 manat İcbari Tibbi Sığorta ödənişi ilə tibbi xidmətlərdən yararlanmaq mümkündür. Eyni zamanda, istənilən vətəndaş özəl pensiya fonduna ödəniş edərək təqaüd təminatını da təmin edə bilər.”
Deputat əlavə edib ki, fərdi sahibkar kimi qeydiyyatdan keçmiş onlayn ticarətçilər isə vergilərlə yanaşı digər sosial ödənişləri də yerinə yetirməli, yoxsa müəyyən edilmiş dövriyyə həddini keçdikdə cərimələrlə üzləşə bilərlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.