Ekspertlər: Azərbaycan üçün prioritet Zəngəzur dəhlizidir
Paşinyanın Türkiyə və Azərbaycan arasında yeni marşrut təklifi rəsmi Bakının gündəmində deyil — əsas məqsəd Naxçıvana daha qısa və effektiv çıxışın təmin edilməsidir.
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşımalar üçün Marqara–Yeğeqnadzor–Sisian–Gorus marşrutunun açılmasını təklif edib.
O, bildirib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılıq versələr, rəsmi İrəvan bu istiqaməti tranzit üçün dərhal istifadəyə verməyə hazırdır:
“Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik”, – deyə Paşinyan vurğulayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da əlavə edib ki, Yerasx (Arazdəyən)–Sədərək istiqaməti də açılmalıdır.
“Bu, regiondakı infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır”, – Mirzoyan qeyd edib.
Azərbaycan tərəfi hələlik bu təkliflərə rəsmi reaksiya verməyib.
“Azərbaycan üçün əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır”
Milli Məclisin deputatı Vüqar Rəhimzadə hesab edir ki, Ermənistanın irəli sürdüyü bu marşrutlar Azərbaycanın strateji maraqlarına cavab vermir. Onun sözlərinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına şərait yaradıb:
“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalı idi. Bu dəhliz təkcə Azərbaycanın deyil, regionun da maraqlarına xidmət edir. Zəngəzur dəhlizi sayəsində Avropa ilə Asiya arasında ticarət dövriyyəsi artacaq, yükdaşımalar sürətlənəcək, xərclər azalacaq.”
Deputat xatırladıb ki, Vaşinqtonda avqustda imzalanmış Birgə Bəyannamədə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin olunması məsələsi öz əksini tapıb.
“Azərbaycan üçün prioritet məsələ Zəngəzur dəhlizinin açılmasıdır”, – Rəhimzadə əlavə edib.
“Ermənistanın təklif etdiyi yollar Azərbaycan üçün əhəmiyyət daşımır”
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə hesab edir ki, Ermənistanın yeni yol təklifləri praktik baxımdan Azərbaycanın maraqlarına uyğun deyil.
“Bu təkliflər yeni deyil. 2022-ci ildə Paşinyan buna bənzər istiqamətlər irəli sürmüşdü. Amma bu marşrutlar Azərbaycan üçün real fayda vermir. Bizim Gürcüstan və İran üzərindən Türkiyəyə çıxış imkanlarımız mövcuddur. Əsas hədəf Naxçıvana daha qısa çıxış əldə etməkdir”, – deyə ekspert bildirib.
O xatırladıb ki, Araz dəhlizi istiqamətində işlər sürətlə gedir və gələn ilin martında avtomobil yolu seqmentinin istifadəyə verilməsi planlaşdırılır.
“Ermənistanın təklif etdiyi 277 kilometrlik dağlıq marşrut isə böyük yük axını üçün yararlı deyil. Zəngəzur dəhlizi isə cəmi 43 kilometr məsafəni əhatə edir və həm Naxçıvana, həm də Türkiyəyə ən qısa çıxışı təmin edir”, – Ağamirzəyev qeyd edib.
Ekspert əlavə edib ki, gələcəkdə Ermənistan tərəfi infrastruktur layihələrini daha intensiv həyata keçirsə, bu, regional nəqliyyat əlaqələrinin genişlənməsi baxımından faydalı ola bilər.
“Hər yeni yol sərhədyanı ticarəti artırır, lakin bu gün Azərbaycan üçün əsas prioritet qısa, səmərəli və iqtisadi baxımdan üstün marşrutdur – yəni Zəngəzur dəhlizi”, – o vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.