Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünya Şəhər Forumunun WUF13 proqramı Nyu-Yorkda təqdim edildi

Bakıda may ayında keçiriləcək forum qlobal mənzil böhranına həll yolları tapmaq və davamlı şəhər inkişafını müzakirə etmək üçün mühüm platforma olacaq

114

Dünya Şəhər Forumu (WUF13) çərçivəsində “Hamı üçün mənzil: Təhlükəsiz və Davamlı Şəhərlər və İcmalar” mövzusunda proqram Nyu-Yorkda yüksək səviyyəli tədbirdə ictimaiyyətə təqdim edilib. Forumun özü 2026-cı ilin mayın 17–22-də Bakıda baş tutacaq.

Yanvarın 29-da BMT-nin İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) qərargahında Polşa və Zimbabvenin BMT-dəki daimi nümayəndəliklərinin həmsədrliyi ilə Davamlı Urbanizasiya və Yeni Şəhər Gündəliyi üzrə iclas keçirilib. Görüş, dünya ölkələrinin nümayəndələrinin iştirakı ilə Yeni Şəhər Gündəliyinin icrasının orta müddətli qiymətləndirməsinə hazırlıq məqsədini daşıyıb.

Tədbir zamanı BMT-Habitatın Baş katib müavini və icraçı direktoru Anaklaudia Rossbax, Yeni Şəhər Gündəliyinin əsas prioritetləri və həyata keçirilmə mexanizmləri barədə məlumat verib. Malavi və Polşanın BMT-dəki daimi nümayəndələri isə şəhər inkişafı ilə bağlı qarşıya çıxan çətinlikləri və hesabatın gedişatını təqdim ediblər.

Eyni iclasda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi WUF13 proqramını və forum üçün hazırlıq mərhələlərini nümayiş etdirib.

Yanvarın 30-da isə Azərbaycan hökuməti BMT-Habitat ilə birgə 100-dən çox daimi nümayəndəliyin rəhbərləri və diplomatların iştirakı ilə diplomatik brifinq keçirib. Tədbirdə Azərbaycanın BMT yanında müvəqqəti işlər vəkili və daimi nümayəndənin müavini Elvin Əşrəfzadə, ölkənin davamlı şəhər inkişafına verdiyi töhfə və WUF13 forumunun əhəmiyyəti barədə çıxış edib.

Anaklaudia Rossbax bildirib ki, Bakıda keçiriləcək forum qlobal mənzil böhranına praktiki həll yollarının tapılması üçün mühüm platforma olacaq və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dəstək verəcək.

WUF13 Milli Koordinatorunun müavini Gülşən Rzayeva forumun məqsədləri, hazırlıq işləri və Azərbaycanın təşəbbüsləri barədə ətraflı məlumat verib. O, həmçinin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü, interaktiv Nazirlər Görüşü və 35.000 kvadratmetr sahəni əhatə edən Urban Expo sərgisindən söz açıb.

Tədbirin sonunda Türkiyə, Qırğızıstan, Belarus, Pakistan və El Salvador da daxil olmaqla bir sıra ölkələrin nümayəndələri WUF13-ün Azərbaycanda uğurla baş tutacağına əminliklərini ifadə ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.