Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dünya operasının mərkəzində Azərbaycan səsi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi və Xalq artisti Yusif Eyvazov “Toska” operası ilə Maskatın nüfuzlu səhnəsində çıxış edir

46

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskatda yerləşən “Royal Opera House Muscat”da dünya opera klassikasının incilərindən biri – Cakomo Puççininin “Toska” əsəri ilk dəfə nümayiş olunacaq.

Premyerada baş rolu Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov ifa edəcək. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun iştirakı ilə təqdim olunacaq.

Azərbaycan opera kollektivinin dünyanın ən nüfuzlu səhnələrindən biri sayılan “Royal Opera House Muscat”da çıxış etməsi milli musiqi mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Qeyd edək ki, bu opera binası Ərəb dünyasında ölçüsünə görə ikinci ən böyük opera teatrı hesab olunur.

Maskatda “Toska” operasının məhz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti ilə səhnələşdirilməsi milli opera məktəbinin peşəkarlığını və beynəlxalq mədəni dairələrin ona olan etimadını nümayiş etdirir.

Tamaşada Floriya Toska obrazını italyan soprano Karmen Giannattasio canlandıracaq. Mario Kavaradossi rolunda Yusif Eyvazov, Baron Skarpia obrazında isə məşhur italyan baritonu Ambrocio Maestri çıxış edəcək. Eyni zamanda, Azərbaycan Opera və Balet Teatrının solistləri də müxtəlif rollarla səhnə heyətini tamamlayacaqlar.

Səhnə quruluşu tanınmış rejissor Davide Livermoreyə həvalə olunub, musiqi rəhbərliyini isə dirijor Fabio Mastrançelo həyata keçirir.

Xatırladaq ki, “Royal Opera House Muscat” 2011-ci ildə Sultan Qabus bin Səidin təşəbbüsü ilə yaradılıb və hazırda Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən biri kimi tanınır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.