DTX, Xüsusi Rabitə Xidməti və MİDA-dan birgə tədbir
“Güzəştli mənzil” sistemi üzərinə edilən kiberhücum cəhdləri operativ şəkildə aşkarlanaraq zərərsizləşdirildi
03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı informasiya təhlükəsizliyi tam təmin olunub.
Mənzil seçimi prosesinin təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən xüsusi təhlükəsizlik mexanizmləri sistem üzərində daimi nəzarəti təmin edib.
Nəzarət tədbirləri çərçivəsində sistemə qarşı müxtəlif kiberhücum cəhdləri qeydə alınıb. Həmin cəhdlər operativ şəkildə aşkar edilərək zərərsizləşdirilib və sistemin normal fəaliyyəti qorunub.
Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları C.Süleymanlı və T.Abdulov müxtəlif şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmə prosesini sürətləndirmək və onlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri, informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlara malik proqram təminatından istifadə ediblər. Onlar bu proqram vasitəsilə MİDA-nın “Güzəştli mənzil” informasiya sisteminə, o cümlədən mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və inteqrasiya olunmuş mühafizə mexanizmlərinə qanunsuz müdaxilə etməyə cəhd göstəriblər. Sözügedən hərəkətlər 03 dekabr 2025-ci il tarixində saat 11:00 radələrində kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönəlib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri (kompüter sisteminə qanunsuz müdaxilə etməklə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətmə) üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda hadisə ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.