Mingəçevirli fermer dövlət yardımı sayəsində Avstriya Smental cins iribuynuzlu heyvan təsərrüfatını genişləndirməyə nail olub.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, gənc fermer Tural Abdullayev köhnə Mingəçevir kəndi adlanan ərazidə adətən şəhər mühiti üçün o qədər də xarakterik olmayan iri heyvandarlıq təsərrüfatı yaradıb.
Cəmi iki baş Avstriya Smental cins iribuynuzlu heyvanla təsərrüfat yaratmağa başlayan fermer qısa zamanda iri və müasir təsərrüfat qurub. Onun sözlərinə görə, məhz bu növ heyvanlara üstünlük verməsi onların isti iqlimə malik Mərkəzi Aran regionu üçün dözümlü olmasıdır. Bu heyvanlar həmçinin ilk vaxtlarda 20-25, sonrakı mərhələdə 30-35 litrə qədər süd verir.
Tural Abdullayevin sözlərinə görə, bazarda bu heyvanların ətinə və südünə olan tələbat böyükdür və daim artır. Bu səbəbdən də təsərrüfatı genişləndirməyə qərarlı olub: “Cəmi iki heyvanla böyük təsərrüfatı qurmaq istəyi mənim üçün xəyal ola bilərdi. Əgər Dövlət başçısı cənab Prezident İlham Əliyevin diqqəti və aidiyyəti qurumların davamlı dəstəyi və güzəştlərini hiss etməsəydim. Bir neçə mərhələdə məhz bu güzəştlər hesabına yeni məhsuldar heyvan cinslərini əldə etdik, yaxud olanların sıralarını genişləndirdik. İstər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Fondu, istərsə də İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu davamlı olaraq təşəbbüslərimizi dəstəkləyib və inkişafı nəzərdə tutan layihələrimizə daim dəstək verir”.
Tural Abdullayev deyir ki, dəyərinin 60 faizi dövlət qurumları tərəfindən ödənilməklə 11 baş boğazlıq heyvanlar alıb. Bu günlərdə onların hər biri bala verib ki, bu da təsərrüfatın böyüməsinə səbəb olub. Fermer bu dinamikanı gələcəkdə də davam etdirmək niyyətindədir.
Fermer koranovirus pandemiyası ilə əlaqədar tətbiq olunan sərtləşdirilmiş karantin günlərində də onlar üçün normal fəaliyyət şəraiti yaradıldığını deyir. Onun əsas məqsədi heyvandarlığın daha da inkişaf etdirilməsi, məhsul bolluğunun yaradılmasına dəstək olmaqdır.
Şərhlər bağlıdır.