Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət qulluğuna qəbul imtahanlarının tarixi və detalları açıqlandı

15 yanvarda A və B qrupları üzrə test imtahanları Bakı və Naxçıvanda keçiriləcək

386

Dövlət İmtahan Mərkəzi 15 yanvar 2026-cı il tarixində dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirəcək. İmtahanlar dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər vəzifələr) üzrə AB və AC altqruplarını, həmçinin B növü (inzibati icraçı vəzifələr) üzrə BA və BB altqruplarını əhatə edəcək.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar gün ərzində iki növbədə — saat 10:00-da və 16:00-da təşkil olunacaq. Namizədlər müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar. İmtahana buraxılış vərəqələrində imtahanın keçiriləcəyi yer, bina, vaxt, namizədin gəlməli olduğu saat və digər vacib məlumatlar qeyd olunub.

Qeyd edək ki, imtahanlara qeydiyyat 2025-ci il dekabrın 19-dan 2026-cı il yanvarın 4-dək aparılıb və bu müddət ərzində ümumilikdə 1489 nəfər müraciət edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər DİM-in rəsmi internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;

  • “İmtahana buraxılış vərəqəsi”.

İmtahanlar kompüter vasitəsilə elektron formada Bakı və Naxçıvan şəhərlərində yerləşən 2 binada keçiriləcək. Prosesin təşkili üçün 2 ümumi imtahan rəhbəri, 16 zal administratoru, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.