Diplom və attestatlar rəqəmsal formata keçir
Ekspertlər hesab edir ki, bu qərar saxtakarlığın qarşısını alacaq, xərcləri azaldacaq və beynəlxalq tanınmanı gücləndirəcək.
Azərbaycanda diplom və attestatların rəqəmsal formatda təqdim olunması bir sıra mühüm üstünlüklər yaradır. Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, əsas üstünlüklərdən biri saxtakarlıq riskinin minimuma endirilməsidir. Rəqəmsal təhsil sənədləri vahid dövlət informasiya sistemində saxlanıldığı üçün onların saxtalaşdırılması faktiki olaraq mümkün olmur. İşəgötürənlər və aidiyyəti qurumlar sənədlərin orijinallığını dərhal yoxlaya bilir ki, bu da saxta diplomların dövriyyəsini aradan qaldırır və təhsildə şəffaflığı artırır.
Digər mühüm məqam vətəndaşlar üçün rahatlıq və vaxt itkisinə son qoyulmasıdır. Rəqəmsal sənədlər itmir, fiziki nüsxələrin çıxarılması və notarial təsdiqə ehtiyac azalır. İnsanlar istənilən vaxt elektron cihazlar vasitəsilə sənədlərinə çıxış əldə edə bilirlər. Bu imkan xüsusilə xaricdə yaşayan və çalışan şəxslər üçün böyük üstünlük sayılır.
Rizvan Fikrətoğlu qeyd edib ki, bu qərar dövlət xərclərinin optimallaşdırılmasına da xidmət edir. Kağız, çap, arxiv və logistika xərcləri azalır, dövlət qurumları arasında məlumat mübadiləsi sürətlənir və nəticədə rəqəmsal dövlət modelinin möhkəmlənməsi təmin olunur.
Ekspert həmçinin ekoloji üstünlükləri vurğulayıb. Kağız sənədlərdən imtina minlərlə ağacın qorunmasına, tullantıların azalmasına və daha ekoloji dayanıqlı sistemin formalaşmasına şərait yaradır.
Bununla yanaşı, beynəlxalq tanınma və uyğunluq məsələsi də ön plana çıxır. Rəqəmsal diplom və attestatlar xarici universitetlər və şirkətlər tərəfindən asanlıqla yoxlanıla bilir, QR-kod texnologiyaları ilə inteqrasiya olunur və bu da Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunluğunu artırır.
Ekspertin sözlərinə görə, rəqəmsallaşma insan amilini və korrupsiya risklərini də ciddi şəkildə azaldır. Proseslər avtomatlaşdırıldığı üçün qeyri-rəsmi müdaxilələr, tanışlıq və “arxa qapı” mexanizmləri aradan qalxır.
Sonda o bildirib ki, rəqəmsal təhsil sənədləri gələcək üçün çevik imkanlar yaradır. Bu sistem təhsil və sertifikatların bir platformada toplanmasına, HR və süni intellekt əsaslı sistemlərlə inteqrasiyaya imkan verir və ömürboyu təhsil konsepsiyasını dəstəkləyir.
“Ümumilikdə, bu qərar təhsildə şəffaflığı gücləndirir, dövlət və vətəndaş xərclərini azaldır, rəqəmsal cəmiyyətə keçidi sürətləndirir və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasına uyğun gəlir”, – deyə Rizvan Fikrətoğlu əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.