Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Deepfake və rəqəmsal klonlaşdırmaya qarşı yeni qanun tələbi

Deputat Azay Quliyev saxta audio-video materialların yayılmasına görə sosial media platformalarının məsuliyyət daşımasını və hüquqi mexanizmlərin gücləndirilməsini təklif edib

98

Son vaxtlar “rəqəmsal klonlaşdırma” və deepfake texnologiyalarından istifadə edilərək törədilən hüquqazidd halların sayı sürətlə artır. Xüsusi narahatlıq doğuran hal odur ki, bu texnologiyalar vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, dövlət rəsmiləri və millət vəkillərinin səs və görüntüləri təqlid edilir, onların adından saxta video-müraciətlər, bəyanatlar və yazılı açıqlamalar sosial şəbəkələrdə yayımlanır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib. Deputat vurğulayıb ki, saxta kontentlər əsasən ictimaiyyətdə çaşqınlıq yaratmaq, dövlət orqanlarına inamsızlıq formalaşdırmaq və ölkənin milli maraqlarına xələl gətirmək məqsədi daşıyır.

A.Quliyev qeyd edib ki, mövcud qanunvericilik deepfake texnologiyaları ilə bağlı hüquqi boşluq yaradır və sosial media platformaları (“Meta”, “YouTube”, “X”, “TikTok” və s.) Azərbaycanda istədikləri şəkildə fəaliyyət göstərir, amma məsuliyyət daşımırlar.

Deputat bunun qarşısını almaq üçün Milli Məclisin yaz sessiyasının iş planına “Rəqəmsal təhlükəsizlik haqqında” qanunun hazırlanmasını təklif edib. Qanunun mahiyyəti deepfake texnologiyaları ilə hazırlanmış saxta audio, video və digər rəqəmsal materiallara görə hüquqi məsuliyyət müəyyən etməlidir.

Təklif olunan əsas müddəalar:

  1. Şəxsin razılığı olmadan səsinin, görüntüsünün və davranışının süni zəka ilə klonlaşdırılması qanunla cinayət hesab olunmalıdır. Bir çox ölkələrdə bu cür əmələ görə 7 ilə qədər həbs cəzası tətbiq olunur.

  2. Süni zəka ilə yaradılmış bütün audio, video və vizual materiallar məcburi şəkildə etiketlənməli və “bu məzmun süni zəka ilə hazırlanıb” xəbərdarlığı açıq göstərilməlidir.

  3. Riskli alqoritmlərin nəzarətsiz yayılması qarşısı alınmalı, ictimai rəyin manipulyasiyasına xidmət edən alqoritmlərin istifadəsi qanunla məhdudlaşdırılmalıdır.

Deputat vurğulayıb ki, bu alqoritmlər insanların düşüncə tərzini, dünya görüşünü və maraq dairəsini sistemli şəkildə yönləndirir və ictimai rəy fərdlərin azad seçimi əsasında deyil, alqoritmik manipulyasiya yolu ilə formalaşdırılır. Buna görə də Azərbaycan informasiya məkanında riskli və manipulyativ alqoritmlərin yayılmasının qarşısı qanunla alınmalı, sosial media platformalarının hüquqi öhdəlikləri sırasına daxil edilməlidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.