Davamli inkişaf qeyri-neft sektorundan keçir
“Davamli iqtisadi inkişafin təmin olunmasinda qeyri-neft sektorunun rolu” mövzusunda dəyirmi masanı universitetin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru Veysəl Əyyubov açıb. O, bildirib ki, Azərbaycan dövlətinin davamlı inkişaf strategiyasının əsas müddəaları Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb: “İqtisadiyyatın davamlı inkişafının təmin olunmasının əsas şərtlərindən biri onun şaxələndirilməsi, xüsusilə, qeyri-neft sektorunun inkişaf etdirilməsidir”.
Dosent Emiliya Hüseynova “Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun aparıcı rolu”, “İqtisadiyyat” kafedrasının müdiri Cəmilə Musayeva “Qeyri-neft sektorunun inkişafında turizmin rolu”, dosent Nüşabə Qədimli “Qeyri-neft sənayesinin inkişaf strategiyası”, baş müəllim Arif Tağıyev “Qeyri-neft sektorunun inkişafı və onun modernləşdirilməsinin istiqamətləri” barədə danışıblar. Onlar qeyd ediblər ki, turizmin inkişafı sahəsində investorlara güzəştlərin edilməsi, struktur yeniliklərin həyata keçirilməsi, bilik iqtisadiyyatına keçidin təmin olunması vacibdir. ETT və innovasiya fəaliyyəti sənaye və kənd təsərrüfatı sektorunun, infrastruktur sahələrinin modernləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılmasını, müx-təlif regionlarda azad iqtisadi zonaların, texnoparkların, yeni sənaye komplekslərinin yaradılmasını önə çıxarır.
Baş müəllim Günəş Şəfaqətov vurğulayıb ki, ilk mərhələdə şüşə, rezin və kimya sənayesi istiqamətləri üzrə müəssisələr fəaliyyətə başlamalıdır: “Əvvəllər şəhərimizdə bu tipdə fabrik və zavodlar olub. Onların fəaliyyətini, sadəcə olaraq, bərpa etmək lazımdır”.
Şərhlər bağlıdır.