Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Daşınmaz Əmlakın Qeydiyyatı ilə Bağlı Yeni Qaydalar Təsdiqləndi

Qeydiyyatsız Evlərlə Bağlı Proses Sadələşdirilir – 15 Günlük Araşdırma Mexanizmi Tətbiq Olunacaq

41

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nı təsdiqləyib.

Yeni qaydalara əsasən, dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərdə torpaq sahəsinin kateqoriyası ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar arasında uyğunsuzluq aşkar olunarsa, qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü ərzində yerquruluşu sənədlərini təhlil edərək araşdırma aparacaqlar.

Əgər təqdim edilən sənədlərdəki məlumatların düzgünlüyü təsdiqini taparsa, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və torpaq kadastrında müvafiq düzəliş ediləcək.

İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, vətəndaş qeydiyyat üçün müraciət edərkən dövlət qurumunun bazasında fərqli məlumat mövcud olarsa, həmin məlumatlar 15 iş günü müddətində dəqiqləşdiriləcək.

Onun sözlərinə görə, məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikinti üçün nəzərdə tutulduğu halda, dövlət bazasında həmin ərazi kənd təsərrüfatı təyinatlı kimi göstərilirsə, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndəriləcək. Sənədlərin doğruluğu təsdiqlənərsə, əmlak qeydiyyata alınacaq.

Qeyd olunur ki, dəyişikliklər xüsusilə qeydiyyatsız evlərin sənədləşdirilməsi zamanı məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu yenilik həm də mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından əhəmiyyətlidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.