Çips paketləri ilə bağlı yayılan görüntülər narahatlıq yaratdı
Ekspert qurd iddialarına aydınlıq gətirdi və mümkün səbəbləri açıqladı
Bu barədə məlumatı Baku TV-nin hazırladığı materiallara əsasən təqdim edirik. Sosial şəbəkələrdə yayılan bəzi videolarda vətəndaşlar çips paketini açarkən içərisindən qurd və ya həşərat çıxdığını bildirirlər. Bəzi görüntülərdə məhsul mikroskop altında nümayiş etdirilərək tərkibində canlı orqanizmlərin olduğu iddia olunur.
Məsələnin nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün qida üzrə ekspert Seymur Qafarov açıqlama verib. Onun sözlərinə görə, belə halların baş verməsi əsasən qablaşdırmanın zədələnməsi və ya istehsal-sonrası mərhələdə fiziki çirklənmə ilə bağlı ola bilər:
“Emaldan sonra soyudulan məhsulların dolumu zamanı müəyyən fiziki çirklənmə riski yarana bilər. Həmçinin məhsulun üzərində qurd sürfəsi qalıbsa, paket bağlandıqdan sonra uyğun şəraitdə inkişaf edə bilər. Bu, fiziki çirklənmə hesab olunur. Mikroskop altında baxıldıqda isə bəzi hallarda mikrobioloji çirklənmə əlamətləri müşahidə oluna bilər”.
Mütəxəssislər bildirirlər ki, bu cür hallar əsasən məhsulun saxlanma qaydalarına əməl olunmadıqda və gigiyenik normalar pozulduqda baş verir. İstehlakçılara tövsiyə olunur ki, məhsulun son istifadə tarixini və saxlanma şərtlərini diqqətlə yoxlasınlar. Şübhəli vəziyyətlə qarşılaşdıqda isə məhsulu istifadə etmədən aidiyyəti qurumlara müraciət etsinlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.