AzərbaycanElm və təhsilMDUXəbərlər

Bu tələbələrin təhsil haqqını Gənclər Fondu ödəyəcək

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

Gənclər Fondundan AzEdu.az-a verilən məlumata görə, bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilmiş, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Qeyd edilməlidir ki, artıq üçüncü dəfə keçiriləcək müsabiqə əsasında Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə 664 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanmışdır.

Müsabiqə zamanı tələbənin təhsil göstəriciləri, həmçinin ictimai fəallığı əsas götürülərək aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

– Milli qəhrəmanların övladları;

– Əlil gənclər;

– Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;Valideynlərindən biri əlil olan (I,II qrup) gənclər;

– Aztəminatlı ailədən olan gənclər.

Müraciətlərin qiymətləndirilməsi zamanı ali təhsil müəssisələri və Azərbaycan Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaqdır.

Maliyyələşmə 2019-2020 və ya 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin qarşılanmasını nəzərdə tutur.

Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı (www.youthfoundation.az) və GəncAPP mobil tətbiqinə müraciət edilməlidir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close