Bu ərzaqlarda bahalaşma var
Ərzaq məhsulları daha çox bahalaşıb, qeyri-qida mallarında isə artım nisbətən zəif olub.
025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,2 faiz artaraq 105,2 faiz təşkil edib. Qiymət artımı əsasən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında qeydə alınıb – bu qrup üzrə indeks 106,4 faiz olub. Qeyri-qida məhsullarında artım 102,5 faiz, ödənişli xidmətlərdə isə 105,7 faiz səviyyəsində olub.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ilin dekabrında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,8 faiz, ilin yanvar–dekabr ayları üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz yüksəlib.
Dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri bir ay ərzində 1,4 faiz, illik müqayisədə isə 6,8 faiz artıb.
Aylıq müqayisədə ən çox bahalaşma manna və qarabaşaq yarması, mal əti, balıq və balıq məhsulları, süd və süd məhsulları, yumurta, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, şirin bibər, kartof, şokolad məmulatları, ketçup, mayonez və arağın qiymətlərində müşahidə olunub.
Eyni zamanda limon, portağal, naringi, banan, kivi, ağ kələm, süfrə çuğunduru, yerkökü və sarımsağın qiymətlərində ucuzlaşma qeydə alınıb. Digər ərzaq məhsullarında ciddi qiymət dəyişikliyi olmayıb.
Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri dekabr ayında əvvəlki aya nisbətən 0,2 faiz, illik müqayisədə isə 2,5 faiz artıb. Ay ərzində geyimlər, məişət texnikası və zərgərlik məmulatları bahalaşıb, taxta, sement, qab yuma vasitələri və təsərrüfat sabununun qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər qeyri-qida məhsullarının qiymətləri əsasən sabit qalıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.