Braziliyada 65 milyondan çox insanın qatıldığı karnaval başa çatdı
Rio-de-Janeyroda gəlirlər 1 milyard dolları keçdi, Unidos de Viradouro samba məktəbi dördüncü dəfə çempion oldu
Dünyanın ən tanınmış və ən böyük kütləvi şənliklərindən sayılan Braziliya karnavalı başa çatıb. İlkin hesablamalara görə, ölkə üzrə keçirilən tədbirlərdə 65 milyondan artıq insan iştirak edib. Şənliyin əsas mərkəzi olan Rio-de-Janeyro şəhərində əldə olunan gəlirin 1 milyard dolları ötüb keçdiyi bildirilir.
2026-cı il karnavalı 303-cü ildönümünü qeyd edib. 1932-ci ildən etibarən samba məktəbləri arasında keçirilən yarışlar tədbirin əsas ənənələrindən biri kimi davam edir.
Karnaval paradlarının əsas ünvanı 1984-cü ildə Rio-de-Janeyroda inşa edilən, uzunluğu 700 metr olan “Marquês de Sapucaí” sambadromudur. 15-17 fevral tarixlərində burada möhtəşəm yürüşlər təşkil olunub.
Bu il Unidos de Viradouro samba məktəbi münsiflərdən maksimum – 270 bal toplayaraq dördüncü dəfə çempionluğa yiyələnib. Kollektiv daha əvvəl 1997, 2020 və 2024-cü illərdə də birinci olub.
Turizm Nazirliyinin açıqlamasına əsasən, karnaval dövründə Braziliyaya 300 min xarici turist səfər edib. Onların 110 mini Rio-de-Janeyro tədbirlərində iştirak edib. Xarici qonaqların ölkə iqtisadiyyatına töhfəsinin 186 milyon dollar olduğu bildirilir.
Ümumilikdə bayram günlərində əldə olunan gəlirin 3,5 milyard dollara çatdığı təxmin edilir. Təhlükəsizliyi təmin etmək üçün bəzi polis əməkdaşları küçələrdə karnaval geyimində patrul xidməti aparıblar.
Karnaval günlərində Rio-de-Janeyro təxminən 8 milyon qonaq qəbul edib, San-Paulu isə 16 milyondan çox iştirakçı ilə ziyarətçi sayına görə ilk sırada yer alıb.
13-21 fevral tarixlərini əhatə edən tədbirlər çərçivəsində ölkə üzrə ümumilikdə 65 milyondan çox insan şənliklərə qatılıb ki, bu da ötən illə müqayisədə 12 milyon artıqdır.
Turizm Nazirliyi rekord göstəriciləri Braziliyanın mədəni müxtəlifliyini ön plana çıxaran brend strategiyasının uğurlu təşviqi ilə əlaqələndirir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.