Böyük Qayıdış Proqramı
Yol infrastrukturu və hava limanı bərpa olunub, üç kənd tam məskunlaşıb və 4 min sakin geri qayıdıb.
Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna yaxın aylarda 900 ailənin qayıdışı planlaşdırılır. Bu barədə məlumatı Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndəsi Emin Hüseynov açıqlayıb.
O, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində bölgədə infrastruktur yenidən qurulub və sakinlərin rahat yaşaması üçün bütün hazırlıqlar görülüb. “Gələn ay Ağdama ilk 900 ailənin köçü gözlənilir. Bu, Böyük Qayıdış prosesinin növbəti mərhələsidir və hər birimiz üçün böyük sevinc xəbəridir,” – deyə E. Hüseynov vurğulayıb.
Xüsusi nümayəndənin sözlərinə görə, Ağdamda üç kənd artıq tam olaraq məskunlaşıb və təxminən 4 min sakin doğma torpaqlarına qayıdıb. “Bu insanlar artıq evləri və iş yerləri ilə təmin olunub, həyat normallaşır,” – deyə o əlavə edib.
Bölgədə iqtisadi cəhətdən aktiv əhalinin sayı 2 200 nəfərdir, işsizlik isə 8 faizdən aşağıdır. İnfrastruktur layihələri çərçivəsində 16 magistral yol (cəmi 600 km) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, beynəlxalq hava limanı isə 8 ay ərzində istifadəyə verilib.
Bu yenidənqurma və bərpa işləri Böyük Qayıdışın daha genişmiqyaslı həyata keçirilməsi üçün zəmin yaradır və Ağdamın sürətlə normal həyatına dönməsinə imkan verir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.