Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayır

Ekspert: Seçimlərdə əsas məsələ abituriyentin məqsədidir

20

Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinin boş qalan yerləri üçün ixtisas seçimi həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, builki qəbul planı 96,27 faiz dolub. Bu mərhələdə əsas diqqət seçimlərin düzgün aparılmasına yönəlir.

Təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, burada iki yanaşma ön plana çıxır: biri ali məktəbə qəbul olmaq istəyənlər, digəri isə yalnız arzuladığı ixtisasa qəbul olmaq istəyənlərdir.

Onun sözlərinə görə, 600-dən çox bal topladığı halda universitetə qəbul ola bilməyən abituriyentlər hər il müşahidə olunur:
“Bunun əsas səbəblərindən biri budur ki, bəzi gənclər yalnız bir ixtisası seçir və başqa variantı nəzərə almırlar. Məsələn, bir abituriyent yalnız Tibb Universitetinə qəbul olmaq istədiyini deyir. Əgər qəbul ola bilməsə, növbəti il yenidən hazırlaşır. Bu hal onların məqsədyönlü və əzmkar olduqlarını göstərir. Təcrübə göstərir ki, bir neçə il sonra həmin gənclərin əksəriyyəti istədikləri nəticəyə nail olur”.

Ekspert qeyd edib ki, digər bir yanaşmaya görə isə əsas hədəf yalnız universitetə qəbul olmaqdır:
“Bu düşüncədə olanlar üçün ən vacib məsələ 15 ixtisas seçimindən düzgün istifadə etməkdir. Əgər məqsəd daha yaxşı ixtisasa və dövlət sifarişi ilə (ödənişsiz) təhsil almaqdırsa, seçim prosesi daha diqqətli yanaşma tələb edir”.

S. Abdullayev yekun olaraq bildirib ki, ixtisas seçimi zamanı abituriyentlər mövcud statistikanı nəzərə almalı, nəticələri təhlil etməli və qərarlarını buna uyğun verməlidirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.